Dünyanın hər yerində bayramlarda endirim olur, Azərbaycanda isə qiymət qaldırılır - AÇIQLAMA
"Çox təəssüf ki, bizim ölkədə sahibkarlıq ənənələri və sahibkarlıq yanaşmaları tam formalaşmayıb. Belə ki, bayram ərəfələrində tək müsəlman dövlətlərində yox, hətta hər bir Avropa ölkələrində də böyük endirimlər baş verir. Belə deyək, bundan sahibkarlar daha çox əslində vəsait əldə edirlər, gəlir əldə edirlər. Belə ki, dövriyyədən daha çox müştərilər cəlb etməklə daha çox qazanır".
Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli Novruz bayramı öncəsi bahalıqdan danışarkən deyib.
Onun sözlərinə görə, bizdə əsasən ərzaq sektorunda qiymətlər bahalaşır və sahibkarlar bahalaşma qiymətindən, artan tələbdən istifadə edərək daha çox böyük gəlirlər əldə edirlər:
"Bəzi hallarda bizdə bunu daha çox kiçik sahibkarlar həyata keçirir. Bu da sahibkarlıq ənənəsinin formalaşmaması ilə əlaqədardır. Həmçinin daha çox inhisarçı mövqeyində olan sahibkarlar həyata keçirirlər. Lakin biz əgər diqqətlə baxsaq, bayram ərəfələri bəzən böyük şirkətlər, əsasən də elektronika sahəsində çalışan şirkətlər endirimlər həyata keçirirlər. Lakin ərzaq sahəsində bahalaşma olur və bundan əlbəttə ki, təəssüf etmək olar. Bu baxımdan hesab edirəm ki, dövlət də bununla bağlı mübarizə aparmalıdır. Müvafiq yarmarkaların təşkil edilməsi bu sahəyə daha təsir edər və qiymətlərin sabit saxlanmasına dəstək ola bilər".
Həmidə İBRAHİMLİ