"Mərkəzi Bank şikayətlərlə bağlı düşünməlidir" - Fazil Mustafa

 12:35 15.03.2024     755

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayında ən çox şikayət edilən bankların siyahısını açıqlayıb.

İlk sırada ən çox şikayət edilən bank 5,26 indeksi ilə "Bank of Baku" seçilib. “Bank VTB Azərbaycan” siyahıda ikinci (3,24 indeksi), "Accessbank" isə üçüncü (2.55 indeksi) olub.

Maraqlıdır, niyə banklardan bu qədər narazılıq var? Kredit faizlərinin çoxluğu ilə əlaqəlidir, ya başqa səbəblər var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, burada kredit faizlərindən tutmuş xidmət amilinə qədər bir çox amillər ola bilər.

"Amma konkret bunların əsaslandırılmış bir səbəbi olmalıdır. Hər halda belə şikayətlər varsa, Mərkəzi Bank bu barədə düşünməlidir. Çünki bu, əsas vətəndaşa, hüquqi şəxslərə xidmətdir. Əgər hansısa bir pozuntular varsa, ciddi diqqətə alınmalıdır. Çünki banklar əslində bu xidməti yerinə yetirmək üçün rəqabət mühitində olmalıdırlar və hər hansı bir bank istəməz ki, öz reputasiyasına zərbə vursun. Belə bir hallar varsa, bu, ciddi şəkildə araşdırılıb münasibət bildirilməlidir", - deyə millət vəkili qeyd etdi.

Həmidə İBRAHİMLİ