Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yollarının birgə müəssisəsi yaradılıb
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" Səhmdar Cəmiyyətinin və "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin birgə yaratdığı "Middle Corridor Multimodal Ltd." şirkəti artıq fəaliyyətə başlamaq üzrədir.
Redaktor.az xəbər verir ki, bunu ADY-nin Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, müəssisənin fəaliyyəti nəticəsində 2025-ci ilin əvvəlinə yük axınının yaranacağı gözlənilir: "Orta Dəhlizdə multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər. Bu fəaliyyət "bir pəncərə" prinsipi ilə xidmətlərin göstərilməsinə şərait yaradacaq. Həmçinin yüklərin çatdırılma müddətinə zəmanət veriləcək".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.