“Aqrar Sığorta”nın yığımları niyə azalıb? - Sədrdən AÇIQLAMA

 14:28 24.06.2024     390

“Aqrar Sığorta Müştərək Sığorta” şirkətinin yığımlarının azalmasının səbəbləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib. 

Onun sözlərinə görə, yığımların azalması taxılın qiymətində müşahidə edilən enmə ilə bağlıdır. 

Sədr bildirib ki, 2023-cü ildə 1 kq taxılın qiyməti 50-60 qəpik civarında idisə, hazırda 30 qəpikdir: “Yəni, fermerin ötən il bir hektardan əldə etdiyi məhsulun dəyəri 1500 manat, yeni qiymətlə eyni məhsulun dəyəri isə 900 manat təşkil edir. Sığorta haqqları məhsulun dəyərinə uyğun hesablandığı və ölkədə sığortalanan əkin sahələrin 60%-i taxıla aid olduğu nəzərə alsaq, taxılın qiymətində azalma “Aqrar Sığorta“nın ümumi yığımlarına da mənfi təsir edib“. 

O həmçinin əlavə edib ki, Azərbaycanda kəndə təsərrüfatı üzrə sığortaya maraq artıb: “Əvvəllər cəmi 3-4 bitki növü sığortalanırdısa, artıq bu rəqəm təklif edilən 41 bitki üzrə 36-37 bitkiyə çatıb. İnsanların sığortaya marağı artıb. Bir hektar əkin və ya bağ sahəsi olsa belə gəlib sığortalayırlar”.  

Qeyd edək ki, “Aqrar Sığorta” 2024-cü ilin yanvar-aprel aylarında 8,38 milyon manat sığorta haqqı toplayıb. Bu da ötən ilin eyni dövrünə nisbətən 20,4% və ya 2,15 milyon manat azdır. 2023-cü ilin ilk dörd ayında müştərək sığorta şirkəti 9,58 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”  31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.