"Büdcədəki kəsir inflyasiyaya təsir etməyəcək" - Keçmiş maliyyə naziri
Xəbər verdiyimiz kimi 2024-cü ilin dövlət büdcəsinin kəsri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırıldı. Maraqlıdır, əvvəlki illərlə müqayisədə bu yüksək rəqəm ölkə iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş maliyyə naziri Fikrət Yusifov qeyd etdi ki, bu normal hal sayılır:
“Kəsrin ümumi daxili məhsula (ÜDM) nisbət səviyyəsi var və bu hədd beynəlxalq standartlara uyğun qəbul edilib. Sözügedən hədlər isə, normadan artıq keçilmir. Bu gün Qarabağın bərpası məsələsi ilə bağlı yetəri dərəcədə xərclərimiz var. Bu xərcləri bağlamaq üçün hardasa maksimal olan kəsr həddinə gedilib. Və kəsrin bağlanılmasında problem yoxdur”.
Söhbət zamanı F.Yusifov yaranmış vəziyyətin inflyasiyaya təsirindən də danışdı:
“Yaranan bu vəziyyət birdən-birə inflyasiyaya təsir edə bilməz. Bu amilin inflyasiyaya təsir etməsi üçün müəyyən iqtisadi proseslər olmalıdır. Qeyd edilən məbləğ o qədər də böyük məbləğ deyil ki, təsiredici qüvvəsi olsun. Azərbaycanın 70 milyard dollarlıq valyuta rezervləri var. Mərkəzi Bankın da özünün 10 milyarddan çox valyuta ehtiyatları mövcuddur. Sözügedən kəsrin nəyəsə təsir etməsi heç gözlənilən deyil”.
Yusif SƏMƏDZADƏ