Elektron pulumuzu dünya bazarında necə xərcləyə BİLƏRİK?
Mərkəzi Bank Azərbaycanda daha bir yerli elektron pul təşkilatına müddətsiz lisenziya verib.
Bəs elektron pul təşkilatları hansı xidmətlər göstərir və dünya bazarında rəqabətə nə qədər davamlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, elektron pul təşkilatları bir çox əməliyyatlarda vasitəçi rolunu oynaya bilər.
"Elektron pul təşkilatları hesab üzrə pul mədaxil və məxaric, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, emissiyası, pul köçürməsi, elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti işlərini görə bilər. Bütün bunlar üçün ödəniş sistemləri və platformalardan istifadə etmək mümkündür."
Onun sözləriunə görə, lisenziyanın verilməsinə əsas səbəb qeyri-qanuni elektron pul təşkilatlarının qarşını almaqdır.
"Qanun olmadığına görə, boşluqdan istifadə edib qurulan elektron pul təşkilatları çoxdur. Amma sonradan bunun qanunvericilik tələbləri formalaşdı. Mərkəzi Bank bu sistemin, texnologiyanın inkişafını nəzərə alaraq bu fəaliyyətlə məşğul olanları lisenziyalaşdırır. Yalnız lisenziyalaşan təşkilatlar sadalanan əməliyyatları həyata keçirə bilər."
X.Kərimli onu da qeyd etdi ki, Azərbaycanda bu sahədə hələ tam inkişaf etməyib.
"Bu sahədə Çin, Amerika, Avropa kimi inkişaf edən ölkələrin təcrübələrini tətbiq edirik. Məsələn, vətəndaşlara ödənişlərin rahatlığı, cibində kağız pul gəzdirməməsi, online ödəniş sistem imkanları verilməklə işlər asanlaşır. Burdan həmçinin əlavə pul qazanırlar."
İqtisadçının sözlərinə görə, Azərbaycanda bu xidmət daha çox vətəndaşlar üçün qurulduğundan, onun dünya bazarına çıxması gözlənilmir. Çünki bizim elektron pullar dünya bazarına çıxmaq üçün kifayət qədər inkişaf etməyib.
Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.
Türkan İSGƏNDƏRLİ