Rusiya neftini daha bir ölkə almaq istəyir

 10:10 23.07.2024     379

İndoneziyanın "Pertamina" dövlət neft-qaz şirkəti sentyabrda keçirəcəyi tenderə Rusiyadan gələn neft növlərini daxil edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Pertamina" sonuncu dəfə Rusiya neftini on ildən çox əvvəl alıb. Şirkət sentyabrın 15-17-də "Cilacap" neft emalı zavoduna çatdırılmaq üçün Ural, sentyabrın 18-20-də isə Sokol xam neftini almaq istəyir.

Məlumata görə, "Pertamina" Rusiya neftini yalnız G7 qaydalarına uyğun olaraq, yəni bir barel üçün 60 dollardan satdığı halda ala bilər. İndoneziya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. "Pertamina" sözçüsü Hermansia Nasroen təsdiqləyib ki, şirkət Rusiyadan xam neft almağa qərar verərsə, bu, qiymət həddi mexanizmi vasitəsilə baş verəcək.

Qeyd edək ki, Rusiya neftinin əsas alıcıları hazırda Çin, Hindistan və Türkiyədir.

Sevinc İBRAHİMZADƏ