Azərbaycanda internet niyə BAHADIR? - AÇIQLAMA
Rusiya operatorlarından birinin aylıq 50 GB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 m/b olan tarifi alıcılara bizim pulla 4 manat 93 qəpiyə təklif edir. Azərbaycanın "Azercell" şirkətində isə 30 GB internet və 700 dəqiqə danışıq limiti müəyyənləşdirən tarif 39 manatadır.
Rusiyada saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqı Azərbaycan manatı ilə 2 manat 89 qəpikdir, Azərbaycanda isə bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alınır və sentyabrdan etibarən bu qiymət 25 manat olacaq. Maraqlıdır, əgər hər iki ölkə də interneti kənardan alırsa, bu qədər fərqin olması nəyə əsasəndir?
İqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a bildirdi ki, bunun səbəbi hər iki ölkədə internetin alış və satış qiymətləri arasında olan fərqlə bağlıdır:
"Onların dəyər zəncirini tam olaraq müqayisə etməmişik. Ancaq burada infrastruktur, bazarın miqyası məsələləri var. Yəni müştərilərin sayının çox olması, bazarın böyük olması vahidə düşən xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Biz xərclərin strukturunu, maya dəyərinin formalaşmasında fərqli xüsusiyyətləri bilmirik, ona görə də bu cür müqayisə yanlış nəticələrə də gətirə bilər".
Ekspert vurğuladı ki, bu sahə ilə məşğul olan təşkilatlar monopolistdirlər:
"Burada həmişə ya alqopolik bazar olacaq, yəni 3-4 provayder, ya da monopolist, yəni 1-2 provayder olacaq. Bunun üçün də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu təşkilatların xərc strukturlarına nəzarət etməlidir. Təbii ki, öz istədikləri xərcləri struktur kimi yazıb, sonra camaatdan onu çıxartmaq gücünə malikdirlər, çünki hökmran qüvvədədirlər. Ona görə onların qiymət qoyması üzərində güclü nəzarət olmalıdır ki, qeyri-rasional və qeyri-şəffaf olan xərclərini rahat şəkildə alıcıların cibindən qoparmasınlar. Bu qiymətlər Tarif Şurası tərəfindən tənzimlənməsə də, həmin təşkilatlar inhisarçı mövqedə olduqları üçün Rəqabət Məcəlləsinin tənzimləmə predmetidədirlər".
Sevinc İBRAHİMZADƏ