Siqaretin qiyməti bu qədər artacaq - Deputat AÇIQLADI
Bir sıra spirtli içkilər və tütün məmulatları - siqaret, qəlyan və onların əvəzediciləri üçün aksiz dərəcələri artırılıb.
Bəs bu, həmin məhsulların satış qiymətinə necə təsir edəcək?
Milli Məclisin deputatı Rüfət Quliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, aksiz vergisi, eləcə də digər ödəmələr artanda məhsulun maya dəyərinə və qiymətə təsir edir.
Deputatın sözlərinə görə, bu artım siqaretin qiymətində 5-10 qəpik bahalaşmaqla özünü göstərə bilər.
İqtisadçı ekspert Pərviz Heydərov isə qeyd etdi ki, aksiz dərəcələrinin artırılması həmin məhsulların satış dövriyyəsi ilə əlaqədardır, həmçinin dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunması məqsədi daşıyır:
"Bahalaşmanın nə qədər olacağını söyləmək çətindir, ancaq xırda səviyyədə də olsa, özünü biruzə verəcək. Aksiz dərəcələrinin eyni növ məhsullar üzrə ardıcıl olaraq atırılması effektiv nəticələr vermir və yaxın perspektivdə büdcəyə daha az vəsaitlərin cəlb olunmasına gətirib çıxaracaq ki, bu da arzuolunmazdır. Bu siyasət ardıcıl şəkildə həyata keçirilməməlidir. Büdcənin mədaxil hissəsinin təmin olunması məqsədilə aksiz dərəcələrinin artırılması siyasətinə üstünlük verilməsi uzunmüddətli strategiya baxımından məqbul sayılmamalıdır".
Sevinc İBRAHİMZADƏ