Azərbaycanda bu iki vacib bitkinin məhsuldarlığı aşağı düşüb - SƏBƏBİ AÇIQLANDI

 16:04 25.07.2024     514

Son günlər Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. İntensiv yağan yağışlar, çaylarda su səviyyəsinin artması bölgələrdəki kənd təsərrüfatına da öz təsirini göstərib.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov Redaktor.az-a danışarkən bildirdi ki, hava dəyişəndə mütləq istehsala təsir edir:

"İlk növbədə yağışların yağması kəndlinin işini dayandırır. Yağışlar intensiv olanda isə ümumiyyətlə, ciddi problemlər yaranır, texnika ilə hərəkət etmək mümkün olmur. Digər tərəfdən havaların həddən artıq isti olması da problemdir, çünki bitkidə fotosintez prosesi normal getmir və normal qidalana bilmir. Bu da məhsuldarlığı aşağı salır". 

Ekspert dedi ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, kənd təsərrüfatının bir çox sahəsində azalma baş verib:

"Keçən ilə nisbətən 8,8 faiz buğdanın məhsuldarlığı aşağı düşüb, 15 faiz kartof istehsalımız azalıb. Çay istehsalımızda da ciddi dərəcədə azalma müşahidə olunur. Ümumilikdə 1,4 faiz bitkiçilik məhsullarının istehsalı azalıb. Bölgələrimizdə birinci ot biçini həyata keçirilməyib, yağışların intensiv olması biçilmiş otun qurudulmasına da problem yaradıb. Bölgələrdən aldığımız məlumatlara əsasən deyə bilərik ki, ot istehsalımızda da azalma mövcuddur".

Vahid Məhərrəmovun sözlərinə görə, istehsalçılarımız aqrotexniki qaydalara əməl etməkdikləri üçün bitkilər daha çox stress amillərinə məruz qalır:

"Əgər bitki normal qidalanmıırsa, onun kökündə lazımi elementlər yoxdursa, suvarma vaxtı-vaxtında aparılmırsa, o stressə məruz qalır, zəifləyir və məhsuldarlıq azalır. Fikir versək, bu il bazarlarda aldığımız meyvələrin əvvəlki illərə nisbətən keyfiyyətinin pisləşdiyini görürük, həmçinin tərəvəzlərin də keyfiyyətində ciddi problemlər var. Fermerlər bitkilərə normal qulluq etsəydi, bu hal baş verməzdi. Qlobal istiləşmə bütün dünyada kənd təsərrüfatına eyni dərəcədə təsir edir. Buna baxmayaraq, son dövrlərdə qlobal istiləşmə nəticəsində Avropa ölkələrində taxılçılığın artdığını görürük. Qlobal istiləşmənin müsbət təsirləri də var, sadəcə olaraq istehsalçı fermer bilikli və təcrübəli olmalıdır". 

Mütəxəssis qeyd etdi ki, bizdə məhsuldarlığın azalmasının əsas səbəbləri həm hava şəraiti, həm də fermerlərin kifayət qədər bilgisinin olmaması ilə əlaqədardır.

"Bizdə əsas taxıl və kartofdur ki, ikisinin də məhsuldarlığı aşağı düşüb. Xüsusən dağətəyi rayonlarda məhsuldarlıq zəifləyib, çünki orada istehsal prosesini idarə etmək mümkün deyil. Ən vacib məsələ suvarmadır, hətta mineral gübrələrin verilməsi də suvarma ilə bağlıdır, çünki su həmin elementləri torpağın artında maye halına çevirir, bitki üçün əlçatan edir. Aran bölgəsində də çətinliklər olur ki, bu da növbə ilə suvarma sisteminin yaratdığı problemlərdəndir. Nəzərə almaq lazımdır ki, bitkinin kökü həmişə nəmli olmalıdır. Bundan başqa, Aran, Cənub, Şimal bölgələrində də istehsal prosesində müəyyən problemlər yaranıb", - deyə V. Məhərrəmov qeyd etdi.

Sevinc İBRAHİMZADƏ