Düyünün idxalı artıb - Qiymətlərə necə təsir edəcək?
Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 41 milyon ABŞ dolları dəyərində 39,2 min tondan çox düyü idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 26,4 faiz və ya 8,5 milyon dollar, həcmi isə 7,6 faiz və ya 2,7 min ton artıb. Bəs idxalın artması düyünün satış qiymətinə necə təsir göstərəcək?
İqtisadçı ekspert Elçin Rəşidov Redaktor.az-a bildirdi ki, idxalın artması qiymətin artması demək deyil. Əksinə, düyünün qiyməti düşdüyü zaman idxal artır.
Onun sözlərinə görə, ucuz olduğuna görə daha çox istehlak etməyə başlayırlar və buna görə də idxal çoxalır:
"Dünya bazarında düyünün qiyməti düşməyib. Buna da səbəb odur ki, ya yerli istehlak düyü artmalı idi, lakin belə bir tendensiya yoxdur. Əsas səbəb yerli istehsalın azalmasıdır. Bu da əsasən iqlim səbəblərindən qaynaqlanır. Çünki düyü çox suyu sevən bitkidir və fermerlərin bu barədə müəyyən çətinlikləri olur. Həmçinin yarıtmaz idarəediciliyin də burada rolu var. Əslində, fermerlər düyü yox, çəltik istehsal edirlər, daha sonra onu emal edirlər ki, mağazalarda satılan düyü formasında olsun. Həmin emal proseslərində müəyyən təzyiqlərlə əlaqədar iş yavaşıya bilir, eyni zamanda emal müəssisələrinin də kifayət qədər olmaması nüansı var".
Ekspert qeyd etdi ki, qida emalı müəssisələri artdıqca fermerlərin də istehsalı artacaq:
"Hazırda bizdə idxalın artması yalnız yerli istehsalın azalmasındandır. Yerli istehsalın azalmasının həmçinin makro səbəbləri də var ki, bu da ölkədəki inflyasiya ilə bağlıdır. Bizdə güclü inflyasiya mövcuddur. İnflyasiya olduqca da istehsal azalır. Yerli məhsul da xarici məhsulla rəqabətə davam gətirə bilmir deyə idxala yönəlmə olur. Həmçinin Mərkəzi Bankın yanlış siyasəti manatın dollara fiks edilməsidir ki, bunun nəticəsində idxal etmək daha səmərəli olur. Yəni əgər inflyasiya varsa, bu zaman məzənnə dəyişməlidir. Dəyişmirsə, fiksiya olunursa, onda həmin ölkə daha çox idxal etməyə məhkumdur. Heyif ki, bunu Mərkəzi Bank anlamaq istəmir. Beləliklə, bizim ümumi qeyri-neft istehsalımızın azalması fonunda düyü istehsalı da azalır və onu idxal edərək əvəzləməli oluruq".
Sevinc İBRAHİMZADƏ