Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
Xəbər verdiyimiz kimi, ölkəmizdə yeni sığorta növü tətbiq olunacaq. Belə ki, yaxın gələcəkdə istehlak kreditləri sığortalanacaq. Bunun da faydası odur ki, istehlak krediti götürmüş şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, o zaman onun bank qarşısında öhdəliyini sığorta şirkəti qarşılayacaq.
Amma son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə belə məlumat yayılıb ki, istehlak kreditlərinin sığortalanması bank tərəfindən zamin tələbini aradan qaldıracaq.
Bu nə dərəcədə realdır?
Redaktor.az bildirir ki, məsələylə bağlı Bizim.Media-ya danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, zaminin tələb olunması bankların verdiyi qərardır:
"Yəni banklar istəsələr, zaminsiz də kredit təklif edə bilərlər. Ona görə də zamin tələbi məcburi xarakter daşımır. Amma banklar riskləri sığortalamaq üçün zamin tələb edirlər. Bəzi hallarda zaminsiz kredit verməyə maraq göstərmirlər. Bu mənada istehlak kreditlərinin sığortalanması zamin tələbinə müəyyən təsir göstərəcək.
Amma bu krediti bilərəkdən ödəməmək hallarının sığortalanması anlamına gəlmir.
Kredit götürən şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, bu zaman sığorta mexanizmi işə düşə bilər. Amma kreditin sığortalanması o anlama gəlmir ki, kimsə sabah götürdüyü krediti ödəməsə, onun əvəzindən sığorta şirkəti borcu qapadacaq. Belə bir hal baş verməyəcək. Doğrudur, sığorta zaminə tələbi azaltsa belə, bankların zamin tələb etməsi yenə mümkündür".