Ətin qiymətində artım olacaq? - AÇIQLAMA
Bu il ölkədə bəzi məhsulların qiymətinin qalxdığına şahid olduq. Bunlardan biri də ətdir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ət və ət məhsullarının qiyməti ötən illə müqayisədə 3%-ə qədər artıb. Bu artım nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirdi ki, qiymət artımına bir neçə səbəb var.
"Hazırda ölkədə ətin qiymətinin bahalaşmasının bir neçə amillə izah etmək olar. Bu, ilk olaraq ötən ildən, ilin əvvəlindən ölkədə iri və xırda buynuzlu heyvanların sayında azalmanın olmasıdır. Digər tərəfdən, bir ay öncə ölkədə Qurban bayramı ilə əlaqədar tələb də böyük artım müşahidə olunmuşdur ki, bu da kütləvi belə azalmaya səbəb olub. Digər tərəfdən ölkədə örüş yerlərinin azalması, xaricdən heyvan yeminin, mal-qara yeminin gətirilməsinə səbəb olur ki, bu da qiymətlərin artmasına öz təsirini göstərir".
O bildirdi ki, qiymətin ucuzlaşması, bolluğun olması üçün yem istehsalı sənayesi genişləndirilməlidir.
"Hesab edirəm ki, bununla bağlı ölkəmizdə yeni yem istehsalı sənayesinin inkişafına və ev təsərrüfatlarının özünün hidroponik yem istehsalı imkanları genişləndirilməlidir. Bu, ətlik heyvanların və süd məhsullarının artmasına səbəb olacaq. Digər tərəfdən, sözsüz ki, gələcəkdə də örüş yerlərinin maksimum artırılmasına ehtiyac var. Həmçinin ölkədə cins heyvanların daha da çox yayılmasına dəstək olunmalıdır", - deyə E.Kərimli qeyd etdi.
Onu da qeyd edək ki, il sonuna qədər ət və ət məhusllarının bahalaşması gözlənilir.
Türkan İSGƏNDƏRLİ