Nağdsız ödənişlərlə bağlı problemlər yaşana bilər... - Ekspert
Nazirlər Kabineti “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib.
İqtisadçı ekspert Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, yeni qəbul olunmuş qayda sosial ödənişlərin təyinatı sahəsində ilk növbədə proaktiv mexanizmlərin tətbiqi ilə əlaqədar innovativ hesab oluna bilər:
"Biz görürük ki, son illər ərzində aparılan sosial islahatlar nəticəsində məhz proaktiv təyinatla, şəffaflığın təmin edilməsi ilə bağlı, operativlik, çevikliklə bağlı müvafiq yanaşmalar aktiv şəkildə tətbiq olunur ki, bu da sosial sahədəki islahatların əsas istiqamətlərindən biri kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kifayət qədər ciddi müsbət sosial irəliləyiş olaraq ölkə prezidentinin tapşırıqları ilə son 5 il ərzində 4 milyon vətəndaşdan çox əhatə dairəsi olan dörd sosial islahat zərfi icra olunub. Bu zərflər nəticəsində 7 milyard manata yaxın əlavə illik vəsait ayrılıb. Bütün bunlar həm minimum pensiyaların, həm də orta aylıq pensiyaların, minimum və orta aylıq əmək haqlarının artımına şərait yaradıb".
İqtisadçı qeyd etdi ki, əmək, məşğulluq, sosial müdafiə istiqamətləri üzrə aparılan islahatlar nəticəsində kifayət qədər ciddi sosial-iqtisadi hədəflərin reallaşmasına nail olunub:
"Bütün bunların kontekstində tətbiq edilməsi nəzərdə tutulan yeni qaydanın, ilk növbədə məhz proaktivliyin, sosial müavinətlərin təyinatında şəffaflığın reallaşdırılmasına xidmət etməsini göstərmək olar. Belə ki, bu qaydalar çərçivəsində proaktiv təyinatların həm sayında, həm də onların tətbiqi mexanizmlərinin icrasında daha innovativ yanaşmaların və qabaqlayıcı tətbiqlərin şahidi ola bilərik ki, bu da çox önəmlidir. Çünki proaktiv təyinat neqativ halların aradan qaldırılması baxımından çox vacibdir. Bununla yanaşı, şübhəsiz ki, rəqəmsallaşma da şəffaflığa, operativliyə xidmət edən amil kimi burada çıxış edir".
Elşad Məmmədov vurğuladı ki, önəmli məqamlardan biri nağdsız ödənişlərlə bağlıdır:
"Çünki nağdsız ödənişlərin payının, xüsusilə bu tip həssas sahədə artması, zənnimcə, bütövlükdə qoyulan hədəflərə tam şəkildə uyğundur. Təbii ki, burada hansısa problemlər də yaşana bilər. Amma düşünürəm ki, müasir elmi-texniki tərəqqinin tətbiqi ilə bağlı olan qeyd etdiyim sahələrin aktiv şəkildə müvafiq qərarlarda öz tətbiqini tapması müsbət tərəfləri özündə ehtiva edir. Həmin müsbət tərəflərin tətbiqi yarana biləcək çağırışlar və problemlərin fonunda daha çoxdur. Rəqəmsallaşmada yaşana biləcək problemli məqamlara gəlincə, mənə elə gəlir ki, əgər rəqəmsallaşma prosesi effektiv şəkildə elmi cəhətdən əsaslı və müvafiq parametrlər çərçivəsində aparılarsa, onda bu prosesdən əldə oluna biləcək müsbət nəticələr daha çox ola bilər".
Sevinc İBRAHİMZADƏ