Un və çörək UCUZLAŞACAQ?

 17:13 07.08.2024     2596

Azərbaycanın buğda aldığı yeganə ölkə Rusiya 2024-cü ilin avqustun 7-dən bu məhsulun ixracına tətbiq etdiyi rüsumu iki dəfə azaldıb. Həmçinin Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazır olduğunu bəyan edib. Bəs bu amillər Azərbaycana idxal olunan buğdanın qiymətinə necə təsir edə bilər? Ölkədə unun və çörəyin qiyməti ucuzlaşa bilər?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, buğda əmtəəsinin qiyməti birjalarda müəyyənləşir:

"Tətbiq edilən bu rüsumlar, Ukraynadakı müharibə və s. dünyada buğdanın qiymətini formalaşdırıb. Ona görə də Bolqarıstanın 2 ildir məhdudlaşdırması, Rusiyanın ixrac rüsumunu azaltması kimi məsələlər fonunda əgər dünyada da buğdanın qiyməti düşərsə, Azərbaycana da təsiri olacaq. Azərbaycanın aldığı buğdanın qiyməti dünya əmtəə birjalarında formalaşan qiymətə uyğundur. Nə Qazaxıstan, nə də Rusiya ondan ucuz satmır".

İqtisadçının sözlərinə görə, Azərbaycanda çörəyin indiki qiymətindən aşağı düşməsi müşahidə olunmayacaq.

"Dünya bazar qiymətlərinə uyğun olaraq, unun qiymətində müəyyən qədər artma-azalma ola bilər. Ancaq çörəyin qiyməti hələlik stabil qalacaq. Çünki son dövrlər unun tonu 155 funta düşmüşdü, sonra 200 funtu keçdi. Un qiymətlərində 20-30 faizlik hərəkətlilik oldu. Buna baxmayaraq,  çörəyin qiymətlərində dəyişiklik olmadı. Bu baxımdan yenə də hər hansısa qiymət azalmasının olacağını güman etmirəm", - deyə X.Kərimli bildirdi.

Sevinc İBRAHİMZADƏ