Meyvə-tərəvəz daha da bahalaşacaq - Ekspert səbəbi AÇIQLADI

 15:40 08.08.2024     2077

Son bir ayda meyvə-tərəvəzin qiyməti gündəmdən düşməyən məsələlərdəndir. Bu günlərdə isə xiyarın qiymətinin 2-3 manat olduğu müşahidə edilir. Yay vaxtlarında əsasən ucuz olan bu tərəvəzlərin qiymətindəki artımlar həm alıcılara, həm də satıcılara mənfi təsir edir. Çünki alıcılar məhsul baha olduğundan almaq istəmir, bu da öz növbəsində məhsulun satıcıların əlində qalaraq xarab olmasına gətirib çıxarır. Maraqlıdır, bəs kənd məhsullarının qiymətindəki artım nə ilə bağlıdır? Ucuzlaşma gözlənilirmi?

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının iki səbəbi var:

"Birinci səbəbi odur ki, xarici bazarlara daha çox satış həyata keçirmək cəhdləri var. Yəni xarici bazarlara daha çox ixrac yönümlü meyvə-tərəvəz getdikcə daxili bazar boş qalır və çatışmazlıq olur. Bu halda da qiymət qalxır. Çünki bizdə istehsal sürətlə artmır ki, həm ixracatı təmin edək, həm də daxili bazara daha çox məhsul çıxaraq".

İqtisadçının sözlərinə göə, ikinci səbəb dizel yanacağının artmasıdır.

"Birdən-birə 25 faiz dizelin qiymətinin bahalaşması, əlbəttə ki, kənd təsərrüfatını da bahalaşdıracaq. Çünki bu məhsulların istehsal olunmasında və daşınmasında dizel yanacağı maya dəyərinin 35-40 faizini təşkil edir. Təəssüf ki, dizelin qiymətindəki artım yaxın gələcəkdə kənd məhsullarının qiymətinə daha da çox təsir göstərəcək", - deyə Natiq Cəfərli bildirdi.

Sevinc İBRAHİMZADƏ