Zeytun və kərə yağları bahalaşıb - Ekspert: "Gömrük qiyməti 9 manat olan yağları 20 manatdan baha satırlar"

 17:09 08.08.2024     426

Azərbaycanda həm kərə yağının, həm də zeytun yağının qiyməti artıb. Xüsusilə yerli istehsal olan məhsullar daha bahadır. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Redaktor.az-a açıqlamasında bunun səbəblərindən danışdı.

O bildirdi ki, yağ qiymətlərinin yüksək olması yerli istehsalın az olması ilə bağlıdır:

"Tələbatın böyük hissəsini idxal olunan zeytun və kərə yağları hesabına ödəyirik. Ona görə də xaricdən gəlməsi bir qədər baha başa gəlir, digər tərəfdən, o məhsulları gətirib satanlar inhisarçı və idxalçı şirkətlərdir. Məsələn, idxal kərə yağının orta hesabla gömrük qiyməti təxminən 9 manatdır. Ancaq Azərbaycanın daxilində ən yaxşı, keyfiyyətli kərə yağları 20 manatdan bahadır. Halbuki bunların hamısının gömrük qiyməti təxminən 9-10 manatdır. Hələ kərə yağlarının böyük əksəriyyəti ölkə daxilində qablaşdırılır ki, bu zaman onların tərkibinə digər qarışıq yağların əlavə edilməsi güman ediləndir. Bunu da hesablayanda hazırda kərə yağının qiyməti orta hesabla təxminən 30 manata gəlib çıxır. Yəni biz həm idxaldan asılıyıq, həm də bu idxalçılar inhisarçıdır və istədikləri qiyməti qoyurlar".

Ekspert zeytun yağının baha olmasının səbəblərindən də bəhs etdi:

"Azərbaycanda zeytun yağları çox az miqdarda istehsal olunur. Çünki bizim potensialımız çox azdır. Hazırda yerli istehsal olan zeytun yağlarının böyük əksəriyyəti yarımfabrikat şəklində idxal edilir və o yağlara da digər qarışıq ucuz yağların qarışdırılması ehtimalı böyükdür. Soyuq sıxılmış təmiz zeytun yağı 20 manatadır. Ondan ucuz satılanlar yəqin ki, zeytun yağı adlandırılan yağlardır".

Sevinc İBRAHİMZADƏ