Şokolad BAHALAŞACAQ - Ekspert açıqladı

 16:35 19.08.2024     437

Yaz aylarında bir ton üçün rekord həddə - 12 min dollara qədər yüksələn kakao qiymətlərinin bu il kəskin ucuzlaşacağı ehtimalı yoxdur. Bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, hava şəraiti daha əlverişli olacaq, bu isə dünya üzrə kakao istehsalının təxminən 10% artmasına gətirib çıxaracaq.

Bəs bu dəyişikliklər şokolad qiymətlərinə necə təsir edəcək?

İqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında söylədi ki, ənənəvi olaraq kakaonun qiymətləri 1500-1800 dollar arasında olur. İndiki qiymətlər 6300 dollardır, amma 10 min 300 dollar olduğu vaxtlar da olub:

"Hazırkı qiymətlər ənənəvidən 3,5 dəfə çoxdur. Bunun səbəbi isə Hindistanın cənubundan, Afrika sahillərindən keçən el-ninos cərəyanıdır ki, iqlim dəyişikliyini pozdu. Hərçənd bu cərəyan artıq başa çatır. Ona görə də kakao qiymətlərinin ucuzlaşması gözlənilir. Ancaq qeyd etmək lazımdır ki, indiki qiymətlər 2024-cü ilin yazında müşahidə olunan qiymətlərdən də 45 % ucuzdur, 10 mindən 6 minə düşüb".

O qeyd etdi ki, kakaonun bahalaşması, təbii ki, şokolad qiymətlərinə də təsir göstərəcək:

"Ancaq şokoladların tərkibində kakaonun xüsusi çəkisi fərqli olur, hətta bəzi şokoladlarda kakao olmaya da bilir. Bu baxımdan demək olar ki, sırf kakaolu olan şokoladlara qiymət artımı təsir göstərəcək. Şokolad qiymətlərini stabil saxlamaq üçün daha keyfiyyətsiz, kakaosu olmayan, tərkibi standartlara uyğun olmayan şokoladlar dövriyyəyə çıxara bilərlər. Onu da qeyd edək ki, əsl kakaolu şokoladların kilosu 45-60 manat ola bilir". 

Sevinc İBRAHİMZADƏ