"Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlıqdan karlı çıxacaq" - AÇIQLAMA

 13:29 20.08.2024     1164

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dünənki görüşündə energetika sferasında, həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət müzakirə olunaraq, əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb.

Bu istiqamətdə aparılan işlərin ölkəmizə hansı faydaları olacaq?

Mövzu ilı bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan Rusiya resurslarının dünya bazarına çıxarılmasına dəstək verir.

"Azərbaycanla Rusiya arasında tarixən enerji sahəsində ciddi əməkdaşlıq mövcud olub. Hətta Azərbaycanda Bakı-Tiflis-Ceyhan neft kəməri hazır olana qədər Azərbaycan neftinin bir hissəsi Bakı-Novorossiysk portu ilə ixrac olunurdu. İndi əksinə, Rusiyanın Azərbaycana ehtiyacı yaranıb. Azərbaycanın çoxşaxəli enerji infrastrukturu var və Rusiya Azərbaycandan müxtəlif təkliflərlə öz enerji resurslarının dünya bazarlarına çıxarılması üçün bir yardım istəyir. Faktiki olaraq bu mümkündür. Azərbaycan Avropa Birliyi ilə çox ciddi və çox sıx enerji əməkdaşlığına malikdir. Amma Rusiya sanksiyalar altındadır. Təbii ki, rus qazının alınmasına sanksiya yoxdur, yəni ümumiyyətlə sanksiya tətbiq olunmur, sadəcə Avropa imtina edir".

İqtisadçının sözlərinə görə, Azərbaycanın Rusiyadan qaz almağı ölkəmizə sərf edir.

"Azərbaycanın Rusiyada infrastrukturu, boru kəmərləri artıq mövcuddur. Rusiyadan daha ucuz qiymətə qaz ala bilər, onu daxili istehlak üçün istifadə edə bilər. Daxili istehlakımız üçün istifadə olunan Azərbaycan qazı isə daha çox Avropaya ixrac oluna bilər. Burada hər tərəf uduşlu çıxır, Avropa istədiyi kimi daha çox qaz alır, Rusiya öz qazının bir hissəsini Azərbaycana sata bilir, Azərbaycan isə ikiqat karlı çıxır. Həm Rusiyadan daha ucuz qaz ala bilər, həm də öz qazını daha çox Avropaya satıb daha çox vəsait əldə edə bilər. Yəni ən azından elə bu sahəni götürsək, Azərbaycanın kifayət qədər önəmli bir mövqeyi, həm coğrafi mövqeyi, həm əvvəlcədən hazırlanmış infrastrukturuna görə əməkdaşlıqdan karlı çıxacaq", - deyə N.Cəfərli vurğuladı.

Qeyd edək ki, Putin avqustun 18-də Azərbaycana iki günlük dövlət səfərinə gəlib. Onun səfəri dünən başa çatıb.

Türkan İSGƏNDƏRLİ