Məktəb ləvazimatlarını bu tarixədək alın - İqtisadçıdan MƏSLƏHƏT

 15:54 26.08.2024     483

Orta məktəblərdə dərslərin başlamasına az qalıb. Artıq əksər valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Hazırda məktəbli çantalarının əksəriyyətinin qiyməti 35-180 manat arasındadır.
Türkiyə və Azərbaycanda istehsal olan dəftərlərin qiyməti isə 30 qəpik və 1 manat 70 qəpik civarındadır. Rusiya istehsalı olan dəftərlərin qiyməti isə bundan 20 qəpik bahadır. Gündəliklərin qiyməti 1 manat 70 qəpikdən başlayır və 4 manatadək artır, lüğət dəftərləri isə 1 manat 60 qəpik ilə 2 manat arasında satılır.

Bu il qiymətlərdə ötən ilkinə nisbətən bahalaşma müşahidə olunur. Bəs qiymət artımı nə ilə bağlıdır?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, dəftər, çanta və sairin qiyməti idxaldan asılıdır:

"İdxal olunmuş məhsulların qiyməti artdığına görə sahibkar onu baha satır. Burada dövlətin tənzimləmə alətləri yoxdur. Nə Tarif Şurası bu qiymətləri tənzimləyə bilər, - heç bu, doğru da deyil, çünki bazar iqtisadiyyatıdır, - nə də burada böyük bir monopoliyadan danışmaq olmaz. Ona görə ki, çoxlu oyunçular var, həmçinin vətəndaşların özü də xaricdən məhsullar gətirə bilir, onlayn ticarət mövcuddur. Belə ki, burada inhisarçılıq yoxdur. Bazar bunu tənzimləyir, idxal qiymətləri artır, idxal da inflyasiyaya gətirib çıxarır".

Ekspertin sözlərinə görə, digər tərəfdən verginin şəffaflaşması prosesi gedir:

"Vergi qiymətin içinə daxil olur. Ümumi şəkildə vergi prosesi tədricən gedir, amma sahibkarların öz xərclərinin hamısını satdığı məhsulun üzərinə qoymağa haqqı var. Nəzərə alsaq ki, qələmyonan və sair xaricdən idxal olunur, ya da onların idxal elementi var, yəni Azərbaycanın resursları super zəngin deyil ki, hamısını özü istehsal edə. Dəyər zəncirinin əhəmiyyətli hissəsi xaricdən gətirilir, burada qablaşdırma və sair ilə məşğuldurlar. Azərbaycan hətta özü xaric etsə belə, qiymətlər xaricdəkinə uyğundur. Bundan əlavə, idxal məhsulu bahalaşanda yerli istehsalçı da baha qiymətə satır". 

Xalid Kərimli qeyd etdi ki, bazar proseslərinin nəticəsində vətəndaşın əlindən başqa bir şey gəlmir. 15 sentyabr ərəfəsi isə tələbat çox olduğuna üçün qiymətlər bir az da artır. Qiymətə həssas vətəndaşlar alış-verişi sentyabrın 10-dək həll etməlidirlər.

Sevinc İBRAHİMZADƏ