Kənd Təsərrüfatı Nazirliyində 5,1 milyon manatlıq YEYİNTİ
Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq damazlıq heyvandarlıq sahəsində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib.
Redaktor.az Palataya istinadən xəbər verir ki, nəzarət tədbirləri 2021-2023-cü illər əhatə etməklə, damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.
Auditlə ilkin damazlıq işi, damazlıq ehtiyatının (toxumunun) istehsalı və satışı, damazlıq heyvandarlığa dövlətin maliyyə dəstəkləri, o cümlədən süni mayalanma yolu ilə alınmış buzovlara subsidiyanın və damazlıq heyvanların dəyərinə güzəştlərin tətbiqi, eləcə də damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmləri üzrə bütün mərhələlər əhatə olunmuş, zəruri audit proseduralarından istifadə olunaraq Kənd Təsərrüfatı Nazirliyi (Nazirlik) və digər aidiyyəti qurumların fəaliyyətləri səmərəlilik və nəticəlilik baxımından qiymətləndirilib.
Müsbət tərəflər kimi xüsusi ilə ilkin damazlıq heyvandarlıq sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının maddi-texniki bazasının formalaşdırıldığını, o cümlədən zəruri iş şəraitinin qurulduğunu, avadanlıq və istehsal vasitələri ilə təchizat məsələlərində problemlərin həll olunduğunu qeyd etmək olar.
Bununla yanaşı, aşağıdakı nəticələr də müəyyən edilib.
Heyvan toxumunun istehsalına cavabdeh qurumun orta müddətli və illik fəaliyyət planları müəyyənləşdirilməmiş, açılışından 6 ildən çox müddətin keçməsinə baxmayaraq fəaliyyətinin istehsal gücünün təxminən 30 %-nə bərabər olması texniki-iqtisadi əsaslandırmaların tam reallaşdırılmamasını göstərib və nəticə etibarı ilə yerli heyvan toxumu istehsalının daha nəticəli təşkil edilməməsini deməyə əsas verib.
Satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirib, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırıb.
Hüquqi aktlarda vəzifələrə aid edilməsinə baxmayaraq yerli damazlıq cinslərinə aid iri və xırdabuynuzlu heyvanların toxum bankı formalaşdırılmayıb, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə işgüzar münasibətlər qurulmayıb, toxum bankının təmin olunması kimi əhəmiyyətli məsələlər üzrə mərkəzləşdirilmiş qaydada zəruri araşdırmalar aparılmaqla rəsmi tapşırıqlar verilməyib ki, bu da funksional risklərin səmərəli idarə olunmaması deməkdir.
Ölkə ərazisində doğulan damazlıq heyvanlar üzrə mövcud olan hesabatlılığın vaxtında emal olunaraq mərkəzləşdirilmiş qaydada tabeliyindəki aidiyyəti qurumla əlaqələndirilməməsi 53 mindən çox olan potensial sayın pasportlaşma ilə əhatə olunmaması ilə nəticələnib, xidmət haqları qismində maliyyə resurslarının səfərbər olunma səviyyəsinə mənfi təsirlər göstərib.
Nəticəliliyi elmi-tədqiqatlarla təsdiqlənmədiyi halda müxtəlif cinslərə aid baş sayı 51 859 olan iribuynuzlu mələz heyvanların 62,8%-nin fərqli cinslərdən olan heyvan toxumları ilə xaotik şəkildə süni mayalandırılmasına yol verilib ki, bu da bir tərəfdən heyvan subsidiyaları üzrə ümumilikdə 3,3 mln. manat məbləğində vəsaitin nəticəsiz və səmərəsiz xərclənməsini, digər tərəfdən isə daxili nəzarətin cins tərkibinin yaxşılaşdırılmasına hədəflənməklə tam nəticəli təşkil edilmədiyini göstərib.
Ümumi statistika süni mayalandırmaların 67,8 %-nin uğurlu olmasını göstərsə də ləqəb sayı 40 olan buğaların toxumları ilə aparılmış 124 970 süni mayalandırma hallarından orta hesabla yalnız 22,6 %-nin uğurlu olmasına baxmayaraq daxili nəzarət qaydasında törədici buğaların toxumlarının məhsuldarlıq vəziyyətinin dövri olaraq qiymətləndirilməsi və aşağı törədicili toxumlardan istifadənin tədricən məhdudlaşdırılması kimi səmərələşdirici işlər aparılmayıb.
Rəsmiləşdirilmiş süni mayalandırmaların heyvan toxumunun yerli istehsalçısının satışı miqdarını 47,8% üstələməsinə baxmayaraq heyvan subsidiyasının həmin hallar üzrə də maliyyələşdirilməsinə yol verilməklə mənşəyi məlum olmayan heyvan toxumlarının süni mayalanma prosesinin səmərəliliyinə və nəticəliliyinə, subsidiyalaşma prosesinin isə əsaslılığına və ünvanlılığına yaratdığı təhdidlərin aradan qaldırılması tam təmin edilməyib.
Süni mayalanmanın subsidiyalaşdırılması üzrə dövlət dəstəyinin başlandığı dövrdən zəruri təhlillərin aparılmadığı, o cümlədən modelin perspektiv inkişaf ssenarilərinin və risklərinin dəyərləndirilmədiyi şəraitdə auditlə toplanmış sübutlar dövlət dəstəyinin əhatəliliyinə mənfi təsirlərin əsasən yerli heyvan toxumuna etibarın (inamın) az olması, süni mayalanma mütəxəssislərinin və baytarların sayının və peşəkarlıq səviyyəsinin zəruri tələblərə cavab verməməsi, fermerlərin maarifləndirilməsi və ya məlumatlandırılması prosesinin zəifliyi kimi amillərdən ibarət olduğunu göstərib.
Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə 2019-cu ildən maliyyələşdirilən damazlıq heyvanların alışına görə 60 %-lik güzəşt məbləği üzrə dövlət dəstəyi mexanizminin vahid reqlamenti müəyyənləşdirilməyib və prosedurlar elektronlaşdırılmayıb, dövlət dəstəyi predmeti olan damazlıq heyvanların alıcılarla satıcılar arasındakı hərəkəti elektron qaimə-fakturalar üzərindən izlənilməyib, damazlıq heyvanların elektron qaimə-fakturalar təqdim edilmədən, təqdim edildikdə isə birka nömrələri, bir sıra hallarda cinslərinin və (və ya) heyvan növlərinin adları qeyd edilmədən rəsmiləşdirilməsinin qarşısı alınmayıb.
Dövlət dəstəyi mexanizminin şərtlərində ölkədaxili tələbata adekvat ətlik və ya südlük və ya ətlik-südlük fəaliyyət istiqamətləri üzrə differensiallaşdırılmaqla heyvanların faydalılığını səciyyələndirən konkret meyarların müəyyənləşdirilməməsi şəraitində damazlıq heyvanlara xas olan məhsuldarlıq və təkrar istehsala yararlılıq xüsusiyyətlərinə malik olmayan azyaşlı heyvanların dəyərinin güzəştli maliyyələşdirilməsi hallarının mövcudluğu daxili nəzarət qaydasında müvafiq risklərin dəyərləndirilməməsini və zəruri məhdudiyyətlərin tətbiq edilməməsini göstərib.
Cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5 762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7 %-dən 4,9 %-ə qədər olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 milyon manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 milyon manat güzəşt məbləğinin predmeti olan 4 456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.
Auditlə toplanmış sübutlar, o cümlədən ilkin damazlıqdan başlayaraq damazlıq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin monitorinqi proseslərinədək olan mərhələlərdə iştirak edən bütün tabeli qurumların fəaliyyətinin vahid indikativ funksionallıq baxımından səmərəli koordinasiya edilmədiyini, attestasiyadan keçirilən damazlıq heyvandarlıq təsərrüfatları üzrə damazlıq heyvanların identifikasiyası və digər zəruri rekvizitlərinin elektronlaşdırılmadığını, dövlət dəstəyi mexanizmlərinin zəruri parametrlərinin tam olaraq elektronlaşdırılmaqla əlaqələndirilməsinin təmin edilmədiyini göstərib.
Hüquqi aktlarda damazlıq təsərrüfatları üçün hər bir cins üzrə seleksiya-damazlıq proqramlarına uyğun fəaliyyət göstərmələri əsas şərt kimi müəyyənləşdirildiyi halda attestasiya və uçota alınma prosedurunu müşayiət edən müvafiq sənədləşmələrdə damazlıq heyvandarlıq təsərrüfatlarının biznes-planı mahiyyəti daşıyan həmin proqramların texniki-iqtisadi əsaslandırmalarının əsaslılığı, eyni zamanda sonrakı nəzarət qaydasında monitorinqlərlə təsərrüfatların faktiki fəaliyyətinin proqramlara uyğunluğu araşdırılmamışdır ki, bu da attestasiya prosesinin səmərəli təşkil edilməməsinin sübutlarındandır.
Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8 %-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
Damazlıq heyvanların ümumilikdə heyvanların baş saylarına nisbətdə xüsusi çəkiləri iribuynuzlular üzrə 0,5-1 %, xırdabuynuzlular üzrə isə 0,2 % təşkil edib ki, bu da təkrar istehsalın (davamlı artımın) təmin olunması üçün olduqca aşağı göstəricilər olmaqla damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin başlandığı dövrdən (vergi və gömrük azadolmalarından başqa) lazımi səmərə verməməsini göstərsə də bu predmetlər üzrə daxili nəzarət qaydasında zəruri (təsirli) araşdırmalar aparılmamış və risklər qiymətləndirilməyib.
Orta müddətli xərclər çərçivəsinin fəaliyyət planlarında damazlıq heyvandarlıq sahəsinin sistemli inkişafını təmin edən mühüm funksional indikatorların əks etdirilməsi və kəmiyyət hədəflərinə nail olunması təmin edilməyib, eyni zamanda “Regionların 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq yarımbəndləri ilə bu və ya digər formada uzlaşdırılma aparılmayıb, həmin proqramın Tədbirlər Planının regionlarda cins heyvandarlıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutan 8 yarımbəndindən 5-i tam, 2-si isə qismən yerinə yetirilməyib.
Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalıb.
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 % artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7 % azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3 % artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılıb ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib.
Auditlə toplanmış sübutlar ölkə ərazisindəki damazlıq heyvanların istər identikləşdirilməsinin (birkalanmasının), istər pasportlaşdırılmasının, istərsə də zəruri elektron uçotunun təşkili səviyyəsinin sistemli, əhatəli və nəticəli olmadığını, pərakəndəliyin və natamamlığın hökm sürdüyünü, koordinasiyanın, eləcə də qurumlararası elektron informasiya sistemləri arasında zəruri parametrlərin inteqrasiyasının təmin edilmədiyini göstərib ki, bu da vahid tənzimləmə tələb edən unikallaşdırma prosesi üzərində ikili inzibatçılığın səmərəsizliyini, uğursuzluqların məsuliyyətinin və prosedur cavabdehliyinin birinin digərinə ötürülməsi, eyni zamanda dövlət dəstəyi tədbirlərinin maliyyələşdirilməsinə dair idarəetmə qərarlarının etibarlı statistik göstəricilərə söykənməməsi kimi fəsadları səciyyələndirib.
Hesablama Palatasının Kollegiyası auditor hesabatının təsdiq olunması, artıq xərclərin dövlət büdcəsinə bərpası, aşkar edilmiş çatışmazlığın bərpa olunması, vergidən yayınma riskləri barədə Dövlət Vergi Xidmətinə məktubun göndərilməsi barədə qərar qəbul edib.