"Ətin qiyməti ucuzlaşmayacaq, əksinə..." - Tanınmış iqtisadçıdan AÇIQLAMA
Hazırda bazarlarda dana ətinin qiyməti 15 - 15,50 manat arasında dəyişir. Quzu əti isə 19-21 manat arasındadır. Alıcılar isə qiymətlərin bu qədər qalxmasından narazıdırlar.
Bəs ətin bahalaşmasının səbəbi nə ilə əlaqədardır? Yaxın zamanda qiymətlərin aşağı enməsi ehtimalı var?
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda ətin bahalaşmasının çoxlu səbəbləri var:
"Yemin bahalaşmasını bura aid etmək olar. Eyni zamanda ətin bahalaşmasına təsir edən ən böyük amil dizel yanacağının qiymətinin artmasıdır. Çünki dizelin qiymətinin 25 faiz artması mal-qara üçün yemin əkilməsinə, biçilməsinə, daşınmasına, mal-qaranın özünün daşınma xərclərinə ciddi təsir göstərib".
İqtisadçı qeyd etdi ki, yaxın gələcəkdə qiymətlərin aşağı düşməsi ehtimalı 0-a yaxındır:
"Bunun üçün gərək bolluq olsun və indikindən daha çox ət bazara çıxarılsın. Azərbaycanda son statistik məlumatlara nəzər salanda görürük ki, iribuynuzlu və xırdabuynuzlu mal-qarada kəskin artım yoxdur. Əksinə, biz diri mal-qaranı hətta xaricdən alırıq. Məsələn, Gürcüstandan, Rusiyadan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın alışı hər il artır. Buna görə də qiymət endiriminə keçəcək dövrü gözləmək əbəsdir. Hətta sadaladığım səbəblərə görə davamlı olaraq, əsasən də yeni il bayramında - tələbatın çox olduğu dönəmdə qiymət artımının olması yüksəkdir".
Sevinc İBRAHİMZADƏ