Bakıdakı bal yarmarkasına 120 tona yaxın məhsul ÇIXARILDI

 10:46 10.09.2024     251

Sentyabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına 39 rayondan 275 arıçı 120 tona yaxın məhsul çıxarıb.

Redaktor.az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, bunun 105 tonu bal, 12 tona yaxını şan, 3 tonu isə digər arıçılıq məhsullarıdır.

Sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-a qədər Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.