Bu qurumda külli-miqdarda mənimsəmə AŞKARLANDI

 17:38 12.09.2024     295

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasındakı qurumlar tərəfindən büdcədənkənar vəsaitlərin icrası ilə bağlı təqdim olunan hesabatların 84%-nin müvafiq icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi aparılmış və müqayisə nəticəsində kənarlaşmalar müəyyən edilib.

Bu barədə Redaktor.az-a Palatadan bildirilib.

Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən büdcədənkənar gəlirlər ilə bağlı təqdim edilmiş hesabatlar ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş hesabatlar arasında 17,5 min manat fərq olduğu müəyyən edilmişdir. Eyni zamanda, təhlillər bəzi qurumlar (Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi 23,2 min manat, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi 5,3 min manat, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi 14,2 min manat, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi 33,0 min manat, Naxçıvan Muxtar Respublika Prokurorluğu 737,42 manat, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7,1 min manat, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi 23,0 min manat, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidməti 200,0 min manat) tərəfindən büdcədənkənar gəlirlərin müvafiq qaydada smetasının təsdiq edilməməsi səbəbindən ilkin büdcədə nəzərə alınmadığını deməyə əsas verir. Qeyd edək ki, bu hal büdcənin gəlir parametrinin tamlığına da təsir etməkdədir. Təqdim edilmiş məlumatlara əsasən, yuxarıda göstərilən halların əksəriyyəti 2024-cü ilin yenidən baxılan büdcəsində diqqətə alınmışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Ordubad Texniki Peşə və Sürücülük məktəbinin büdcədənkənar gəlirləri ilə bağlı məlumatların təqdim edilməməsi, Naxçıvan MR Musiqi Kolleci, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən büdcə vəsaitlərindən istifadə ilə bağlı hesabatların vaxtında təqdim edilməməsi müvafiq istiqamətlər üzrə təhlilin aparılmasında çətinliklər yaratmışdır.