Avtomobil idxalı 10 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 111 milyon ABŞ dolları dəyərində 58 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Redaktor.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 % çox və 10,3 % azdır.
8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 2 dəfə artaraq 165 ədəd (14,395 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 % azalaraq 53 006 ədəd (973 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 13 504-ü (388 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 971-i (78,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 40,1 %, ikincinin isə 9,3 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 21,9 % artaraq 5 465 ədəd (92 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,3 % artaraq 303 ədəd (31 milyon ABŞ dolları dəyərində) olub.