Manat ucuzlaşacaq? - İqtisadçıdan PROQNOZ

 17:55 16.09.2024     279

Son vaxtlar ölkədə dollara maraq yenidən artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Cəmiyyətdə iddialar var ki, dollar bahalaşıb 2 manat olacaq. Bəs bu ehtimal nə qədərdir? Manat ucuzlaşa bilərmi? 

Bu barədə iqtisadçı ekspert Cəfər İbrahimli Redaktor.az-a bildirdi ki, son illərdə neftin qiymətində bir az dəyişiklik olan kimi ictimaiyyətdə manatla bağlı müəyyən fikirlər yaranır:

"Hazırda "bir ay sonra manatın dəyəri düşəcək" kimi söyləntilər var, amma hələ ki bunlar reallığı əks etdirmir. Əslində, manatın dollar qarşısında dəyər dəyişə bilməsi üçün iqtisadi şərtlər elə olmalıdır ki, hökümət məcbur olub o qərarı versin. Uzun illərdir dünya bazarlarında neftin qiyməti daha çox tələbə əsasən müəyyənləşir. Xüsusən də sənayələşmiş ölkələrin iqtisadi aktivliyi və neftə olan tələbi neftin qiymətini müəyyənləşdirdiyi qənaətindəyəm. Bu gün inflyasiyadan çıxış sürəcində qlobal iqtisadiyyatda normal aktivlik davam edir. Dolayısı ilə neftə normal tələb qalacaq kimi görünür. Belə olduğu müddətcə təhlillər göstərir ki, neftin qiyməti Azərbaycanda indilik qaneedici səviyyədə olacaq kimi müşahidə olunur".

Ekspertin sözlərinə görə, Azərbaycanın neft-qaz ixracı ilə bağlı gəlirlərində  çox ciddi dəyişikliklər olacağı gözlənilmir:

"Belə olduğu təqdirdə ixracın artıq olduğu və tədiyyə balansında ciddi problem yoxdursa, manatın dəyərinin indiki situasiyada sabit buraxılması uyğundur. İkinci məsələ odur ki, əslində, manat hər il dollar qarşısında sabit olduğu üçün real olaraq möhkəmlənib. Amma manatın dəyərlənməsi Azərbaycan ixracına məhdudlaşdırıcı təsir göstərirmi və yaxud daxildə istehsalın imkanlarını məhdudlaşdırırmı, açığı, bu da o səviyyədə görünmür.

Üçüncu nominal faktorlardan biri odur ki, əvvəl büdcənin böyük hissəsi neft gəlirlərindən transfer hesabına formalaşırdı. Ancaq son 3-4 ildə bu transfer rəqəmi təxminən 12 milyard manatdır və artmır. Əsasən iqtisadiyyatdakı artım vergilər hesabına büdcənin artırılması ilə təmin olunur. Yəni büdcənün neftdən asılılığı yoxdur".

İqtisadçı qeyd etdi ki, son illərdə dünyada və Azərbaycanda ciddi bir inflyasiya tendensiyası var.

"Azərbaycan inflyasiyanın normal həddə düşməsini müəyyən formada təmin edir. Ancaq manatın ucuzlaşması, xüsusən ərzaq məhsullarının idxaldan asılı olması ölkədə inflyasiyanı yenidən hərəkətləndirə bilər. Onsuz da neçə illərdir inflyasiya yüksək olub deyə hökumət yenidən bunun tərəfdarı olmaz. Ən nəhayətində vacib məsələlərdən biri odur ki, işğaldan azad olunmuş bölgələrdə texnikanın, infrastruktun inkişafı üçün ciddi idxal var. Bu mənada manatın dəyərinin dəyişməsi bu layihələrin idxal aspektində maya dəyərinin kəskin yüksəlməsinə səbəb ola bilər. Ona görə indilik bütün bunların hamısının toplamına və Azərbaycanın valyuta rezervlərinə baxsaq, manatın dollar qarşısında hər hansı bir dəyişiklik etməsi ən azından yaxın bir il üçün real görünmür", - deyə Cəfər İbrahimli bildirdi.

Sevinc İBRAHİMZADƏ