Azərbaycan Pakistanda neft yataqlarının işləməsi ilə məşğul ola bilər
Azərbaycan Pakistanda neft yataqlarının işlənməsi ilə məşğul ola bilər.
Redaktor.az xəbər verir ki, Azərbaycanda Pakistanla biznes-forum keçirilib və həmin forumda birgə Ticarət və Sənaye Palatasının yaradılması üzərində işlədikləri bildirilib.
Bu, Azərbaycan şirkətlərinin Ticarət və Sənaye Palatasının sayəsində Pakistan bazarına daha fəal daxil ola bilməsi baxımından maraqlıdır. Proqnozlara görə, Azərbaycanın SOCAR şirkəti , Rusiya Federasiyası və ya BƏƏ-dən olan tərəfdaşlarla birlikdə Pakistanda karbohidrogenlərin kəşfiyyatı və işlənməsinə başlaya bilər.
Qeyd edək ki, Pakistan KİV-i yüksək vəzifəli məmurlara istinadən ölkənin ərazi sularında zəngin neft və təbii qaz yatağının aşkar edilməsi barədə məlumat yayıb.
"Economic Times"ın məlumatına görə, Pakistan qaz ehtiyacının 29%-ni, neft ehtiyacının 85%-ni, kömürə olan tələbatının 20%-ni idxal hesabına ödəyir. Pakistanın ümumi enerji idxalı 2023-cü ildə 17,5 milyard dollar təşkil edib və növbəti yeddi ildə bu rəqəmin 31 milyard dollara yüksələcəyi gözlənilir. Yeni kəşf, pakistanlı ekspertlərin fikrincə, ölkənin çətin vəziyyətə düşən iqtisadiyyatına töhfə olacaq.
Yeganə problem odur ki, xarici enerji şirkətləri müxtəlif səbəblərdən, o cümlədən təhlükəsizlik və yüksək xərclərə görə Pakistanla əməkdaşlığa tələsmirlər. Belə olan halda SOCAR öz tərəfdaşları ilə birlikdə Pakistanın neft-qaz sektorunda pioner ola bilər. Üstəlik, tərəflərin artıq enerji sektorunda əməkdaşlıq təcrübəsi var - SOCAR Pakistana LNG həcmlərini (vasitəçi kimi, onu özü istehsal etmədiyinə görə) hissə-hissə və güzəştli şərtlərlə satır və ötən ilin yayında da LNG ilə ciddi maraqlanıb.
Sevinc İBRAHİMZADƏ