İlham Əliyev Ağdamda daha bir zavodun açılışını etdi

 13:04 19.09.2024     286

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkının rezidentlərindən biri olan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.

Məlumat verildi ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” MMC sənaye parkının 1,6 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.

İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə 60 nəfər işlə təmin ediləcək. İşçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavodun illik istehsalı gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.

“Rail Trans Service” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata yaxın vəsaitə qənaət edib.