Ağdamda metal məmulatları istehsalı zavodu istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında, həmçinin “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, layihə çərçivəsində havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsal ediləcək.
MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Müəssisə üçün sənaye parkında bir hektar ərazi ayrılıb.
Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Digər istehsal müəssisləri kimi, “Metkons” MMC də sənaye parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.