“Pambıq istehsalçıları buna görə əziyyət çəkir" - İqtisadçı
Məşhur fermer Əfras Əsgərov redaksiyamıza müraciət edərək pambıq sahəsindəki problemləri dilə gətirib. Fermer deyib ki, onlar hələ də ümidlidirlər ki, benzinin qiymətinin qalxmasına görə bəlkə pambığın da qiymətini 5 və ya 10 qəpik artıracaqlar. O, həmçinin bildirib ki, indi də “Aqrotest” MMC adlı bir şirkət ortaya çıxıb və fermerlərə müraciət edərək bildirir ki, torpaqlarınızı analiz etdirin. Əgər 50 hektara müqavilən varsa, hər 5 hektara bir analiz etdirməlisən və bunun da qiyməti 25 manatdır. Bu da fermerlər üçün yeni bəladır. Test etdirməyənlərin isə subsidiya ala bilməyəcəyini deyirlər. Burada deyirlər ki, “keçi can hayında, qəssab piy axtarır”.
Ə.Əsgərovun müraciətini nəzərə alaraq iqtisadçı Xalid Kərimlinin mövcud problemə mövqeyini öyrəndik.
O, Redaktor.az-a bildirdi ki, pambıq istehsalçıları böyük MTK-lardır və onlar da kifayət qədər güclü holdinqlərin şirkətləridir:
“Hökumət onlar üçün yaxşı şərait yaradıb. Onların məhsullarının qiymətini də təsbit eləyir və güzəştləri də var. Düşünmürəm ki, hökumət pambıq istehsalçısına hər hansısa ciddi güzəştlər verməlidir. Pambıq da neft və qızıl kimi əmtəədir. İndi hər yerdə böyük MTK-lardır. Bazarda monopolistdirlər və onlara da bazarda hər hansı güzəşt verilməsini düşünmürəm. Burda ola bilsin ki, xırda fermerlər xərclərini idarə etmək üçün əziyyət çəkir. Amma böyük balıqlar həmişə kiçik balıqları yeyir. Bazarda da böyük oyunçular var. Onlar çox rahatdırlar, hər dəfə də hesabatlarını verirlər və ixrac və mənfəətləri də kifayət qədərdir”.
Vasif ƏLİHÜSEYN