"Azərbaycan yüz ölçüb, bir biçən ölkədir" - Ekspert

 17:57 20.09.2024     348

Azərbaycan Pakistanda neft yataqlarının işlənməsi ilə məşğul ola bilər. Bu, Azərbaycan şirkətlərinin Pakistan bazarına daha fəal daxil ola bilməsi baxımından maraqlıdır. Yeganə problem odur ki, xarici enerji şirkətləri müxtəlif səbəblərdən, o cümlədən təhlükəsizlik və yüksək xərclərə görə Pakistanla əməkdaşlığa tələsmirlər. 

Bəs Pakistandakı nef yataqları işinə Azərbaycanın da qoşulması ölkəmizə nə vəd edir? 

Bu barədə enerji məsələləri üzrə ekspert İlham Şaban Redaktor.az-a açıqlamasında danışdı.

O bildirdi ki, bizə ayrı-ayrı ölkələrdən, Afrika ölkələrindən, o cümlədən İraqdan, Banqladeşdən, Pakistandan ara-sıra təkliflər gəlir. Ancaq onun sözlərinə görə, Azərbaycan yüz ölçüb, bir biçən ölkədir:

"Çünki bu ölkələrdə risk göstəriciləri yüksəkdir. Ona görə mən inanmıram ki, Azərbaycan bu layihələrə qol qoya. Düzdür, Azərbaycanın Dövlət Neft Şirkəti artıq ölkəmizdən kənarda ilk hasilat layihəsinə qoşulub. Bu, Birləşmiş Ərəb Əmirliklərində pay almasıdır. Ancaq o passiv bir iştirakçı kimi hasilatı davam edən yataqdır, yəni risk dərəcələri kifayət qədər aşağıdır. Yoxsa hansısa yatağın alınması, işlənməsi, orada infrastrukturun alınması - neft-qaz sənayesində milyardlarla vəsait aparan və onun geri qayıtması uzun sürən prosesdir. Buna həddən artıq varlı şirkətlər imza ata bilərlər". 

Ekspert Pakistandakı neft sənayesindən də danışdı:

"Türkiyə də, Gürcüstan da neft ölkəsidir, ancaq çox kiçik həcmlər çıxarırlar. Ancaq Pakistanda qaz hasilatı neftdən çoxdur, bununla yanaşı bütün enerji daşıyıclarını idxal edr. O cümlədən Hindistan da belədir, eyni coğrafi quruluşa malikdirlər. Hindistanda neft yataqları istismar edilir, qaz da var, bununla belə, dünyanın TOP 5-də olan enerji idxalçısı ölkəsidir".

Sevinc İBRAHİMZADƏ