"Azərbaycana gətirilən türk məhsulları ucuzlaşacaq" - İqtisadçı

 16:30 23.09.2024     547

Azərbaycanda türk lirəsinin məzənnəsi isə 0,0498 manata enib. Bu, Türkiyədən ölkəmizə gələn məhsulların qiymətində özünü nə dərəcədə göstərəcək?  

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Türkiyənin tədiyyə balansının xarici ticarətlə bağlı olan seqmentində artıq xroniki problemlər var:

"Artıq ölkədə idxal ixracı xeyli dərəcədə üstələyib. Ona görə də Türkiyə ixrac bazarlarından çox asılı olan iqtisadi sistemə malik dövlətdir. Belə olan halda təəccüblü deyil ki, Türkiyənin valyuta bazarında problemlər var. Çünki  nəzərə alsaq ki, xaricdən kapitalın gətirilməsi hesabına xeyli dərəcədə Türkiyə iqtisadiyyatındakı valyuta məzənnəsi problemini tarazlaşdırmaq olurdu, son illər bu istiqamətlərdə də problemlər var və nəticədə kapitalın transsərhəd hərəkətinin effektiv tənzimlənməməsi və idxalın ixracı üstələməsi lirənin ciddi problemlərlə üz-üzə qalmasını şərtləndirir. Bu problemlərin hələ ki, çıxış yolu görünmür".

Dollara söykənən vahid qlobal iqtisadi sistem çökür - Elşad Məmmədov |  Hafta.az

İqtisadçı qeyd etdi ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərini planlaşdırarkən bu problemləri dərinliklə nəzərdən keçirməlidir.

"Azərbaycana gətirilən türk məhsullarının qiymətində ucuzlaşma müşahidə oluna bilər. Bunun üçün müvafiq tənzimləyici tədbirlər həyata keçirmək lazımdır ki, istehlakçılarımız yeni imkanlar əldə etsinlər. Amma digər tərəfdən bu, Azərbaycan istehsalçıları üçün problemdir, çünki onların daxili bazarda belə rəqabət imkanları zəifləmiş olacaq. Sözsüz ki, Türkiyənin Azərbaycan iqtisadiyyatındakı rolunu nəzərə aldıqda, Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərir. Ən böyük təsirlər arasında söhbət yalnız birdəfəlik ucuzlaşmadan getmir, ümumən türk lirəsinin qeyri-sabitliyi amilindən gedir. Bu da Azərbaycan iqtisadiyyatında mütəmadi şəkildə yeni risklər və yeni çağırışlar yaratmaqdadır", - deyə Elşad Məmmədov əlavə etdi.

Sevinc İBRAHİMZADƏ