Bakı-Sumqayıt qatarları ilə 37 min sərnişin daşınır - AÇIQLAMA

 17:32 23.09.2024     371

Yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda – təqribən 37 min sərnişin daşınır.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"2024–2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY reyslər üzrə mütəmadi reydlər həyata keçirib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə proflaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib. Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb", - deyə o qeyd edib.