Bütün bunlar insanları paytaxtdan regionlara qaytara bilər - AÇIQLAMA

 18:28 27.09.2024     768

Azərbaycanda əhalinin böyük bir hissəsinin paytaxt Bakıda toplanmasında həm də regionların iqtisadi vəziyyətinin rolu var. Sənaye müəssisələrinin çoxu, böyük ticarət mərkəzləri, iaşə obyektləri, ali təhsil müəssisələri məhz Bakıda inşa edilib. Regionlardakı sakinlər də xüsusən iş yerlərinin çoxluğu səbəbilə paytaxta gəlməyə üstünlük verir. 

Bəs regionların sosial-iqtisadi inkişafı üçün hansı addımları atmaq lazımdır ki, insanlar paytaxta üz tutmasınlar?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, regionların sosial iqtisadi inkişafı məsələsində ilk olaraq infrastrukturdan başlanılmalıdır:

"Region əhalisi üçün yol, işıq, qaz, su təminatı, internet əlçatanlığı, suvarma suyunun təmin edilməsi ilkin mərhələdə yer alır. Bu, hökumətin reallaşdıra biləcəyi ən vacib məsələlərdən biridir. Bunlardan bəziləri artıq həll olunub. Məsələn, regionların 50-60 faizində yol, işıq, internet problemi aradan qaldırılıb. İçməli su problemi demək olar, 80 faiz həllini tapıb. Amma çox təəssüflər olsun ki, suvarma suyu problemi hələ də varlığı ilə qarşımızda dayanmaqdadır".

Ekspert vurğuladı ki, Azərbaycanın 2 milyon hektardan çox kənd təsərrüfatına yararlı torpağı var.

"Biz bu torpaqlardan 1 milyon 200 minə qədərini suvara bilərik, amma çox təəssüflər olsun ki, cəmi 400-450 min hektar sahəni suvarırıq. Yəni əlimizdə olan kənd təsərrüfatına yararlı olan torpaqların 25 faizini belə normal qaydada suvara bilmirik. Nəzərə alsaq ki, bizim bölgələrdə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur və onlara suvarma suyu vacibdir, bu problem aradan qaldırılmalıdır.

Suvarma suyu məsələsinin çox geniş problemləri var. Bu problemlər məhz indiki mərhələdə - Azərbaycan hökumətinin əlinin güclü olduğu, neft gəlirlərinin ölkəyə gəldiyi vaxtda aradan qaldırılmalıdır. Növbəti mərhələyə saxlanılsa, bu problemin həlli mümkün olmayacaq", - deyə həmsöhbətimiz bildirdi.

Akif Nəsirli qeyd etdi ki, kənd təsərrüfatı rayonlarında emal sexlərinin açılması genişləndirilməlidir:

"Məsələn, 100 min əhalisi olan rayonun heç olmasa, 60 min əmək qabiliyyətli əhalisi var. Həmin 60 min əmək qabiliyyətinə malik əhaliyə ən azı üç böyük emal zavodu düşməlidir ki, onlar məşğulluqla təmin edilsin. Bir hissəsi həmin zavodun xammalını, yəni kənd təsərrüfatı məhsulları istehsal eləsin və digər hissəsi də emal zavodlarında çalışsınlar. Ölkənin bütün ərazisində sahibkarlıq fəaliyyətinə əngəl olan, onun başlanmasına maneə törədən məsələlər aradan qaldırılmalıdır. Əks təqdirdə, biz bu işin öhdəsindən gələ bilmirik".

Ekspert əlavə etdi ki, azad sahibkarlıq, azad iqtisadiyyat reallıqda həyata keçirilməlidir. Hökumət regionların inkişafı layihəsi vasitəsilə ölkə üzrə bu iqtisadiyyatı yaymalıdır:

"Məsələn, zavodların bir hissəsi regionlara köçürülməlidir və yaxud Azərbaycanda zavod tikmək istəyən, investisiya qoymaq istəyən sahibkarlara müvafiq rayonlar göstərilməlidir ki, getsinlər orada işləri qursunlar. Bakıda dəniz varsa, Lənkəranda da, Astarada da, Salyanda da, Şabranda da dəniz var. Ən azı dəniz limanı olan rayonlarda böyük zavodlar tikmək olar. Daha sonra İrandan, Gürcüstanla sərhəd rayonlardan həmin ölkələrə ixrac edə bilən zavodlar tikmək olar, orada azad iqtisadi zonalar yaratmaq olar ki, bununla da regionu inkişaf etdirmək olar.

Bu gün Azərbaycanın dövlət büdcəsinin 90-95 faiziİ Abşeron yarımadasında və onun ətrafında formalaşır. Büdcənin 5-10 faizlik hissəsi digər iqtisadi rayonlarda formalaşır. Belə bir şəraitdə Azərbaycanda disbalans iqtisadiyyatın yaranması qaçılmazdır və bu, təbii olaraq da yaranıb. Amma hökumət müəyyən vasitələrlə Abşeron yarımadasında cəmləşmiş iqtisadiyyatı ölkə ərazisi üzrə paylamağa çalışmalıdır ki, ölkənin bütün rayonlarında iqtisadiyyat canlansın".

Akif Nəsirli qeyd  etdi ki, həm əhalinin məşğulluğunun çoxalması, həm də vergi ödəyicilərinin sayının artması üçün birinci növbədə iş qurmaq istəyənlərə azadlıq vermək lazımdır:

"Kimin əlində pul varsa, hansısa bir biznes qurmaq istəyirsə, ona mane olmamaq, əksinə kredit vermək lazımdır. Havayı torpaq ayırmaq lazımdır ki, özünün işini qursun. Dünyada belədir. Azərbaycanda isə hansısa bir sahibkar daşı daş üstünə qoyan kimi icra hakimiyyətindən, vergidən, polisdən, prokurordan, məhkəmədən gəlirlər. Vətəndaşın haqq vermədiyi yer qalmır və əgər hamısına haqq versə, sonra işi davam etdirməyə əlində kapital qalmaz. Ölkədə azad iqtisadiyyata şərait yaradılmalıdır, qanunun aliliyi, məhkəmələrin azadlığı təmin edilməlidir, sahibkarın əmlakına zəmanət verilməlidir. Belə olsa, Azərbaycanda heç bir problem yaranmaz. Tutaq ki, xarici investor gəlib. Məsələn, elə almanlar gəldilər, Qaradağda sement zavodu tikdilər. Qaradağda onsuz da köhnə bir sement zavodu var idi. Bu yeni tikilən sement zavodunu Daşkəsəndə, Gədəbəydə, Qazaxda və ya başqa bir regionda açmaq, oraya işçi qüvvəsi cəlb edilə bilərdi. Əgər oradan sementin harasa daşınmasında xərclər artardısa, hökumət ona kompensasiya verə bilərdi ki, Gədəbəydə də həmin qiymətə başa gəlsin. Bu şərtlərlə investorları regionlara yönəltmək vacibdir".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

2