Bank kartlarından dələduzluqla mübarizədə ən təhlükəsiz METOD
Bank kartlarından dələduzluq hallarının çoxalmasının bir səbəbi də insanların kartın şəklini kiməsə göndərəndə CVV kodu gizlətməyi diqqətdən qaçırmalarıdır.
Bəs bank kartlarının dizaynında və yaxud daxilində hansı işləri görmək olar ki, bu cür hallar baş verməsin?
Bu barədə rəqəmsal dələduzluqla mübarizə üzrə mütəxəssis Elvin Cuvarov Redaktor.az-a açıqlamasında danışdı.
O bildirdi ki, əhali arasında fərqli fiziki şəxslərin bir-birinə pul vəsaiti göndərmələri məqsədilə ən çox istifadə olunan metod kartdan karta köçürmədir:
"Əksər hallarda bu əməliyyatı icra etmək üçün vəsaiti qəbul edən tərəfin kartının 16 rəqəmi, bəzi hallarda ad-soyadı da lazım olur. Vəsaiti qəbul edən şəxsin bu məlumatları yazılı formada göndərməyi daha məqsədəuyğundur. Amma təcrübə göstərir ki, insanlar kartın 16 rəqəm görünən tərəfinin şəklini çəkib göndərirlər. Bəzi bank kartlarında kartın bitmə tarixi ilə yanaşı, 3 rəqəmli CVV/CVC kod da kartın məhz həmin üzündə olduğu üçün şəkildə görünür. Gələcəkdə göndərdiyiniz şəxsin diqqətsizliyi və ya hər hansı səbəbdən həmin şəkil kənara sıza, bəd niyyətlə istifadə oluna bilər".
Ekspertin sözlərinə görə, ölkədaxili bankların kartlarının dizaynlarına baxanda görürük ki, bəzilərində CVV/CVC kod arxa tərəfdə, bəzilərində isə ön, yəni 16 rəqəm olan tərəfdə yer alır:
"1-ci variantda olan dizayn daha təhlükəsiz sayılır. Təhlükəsizliyi qoruma metodlarından ən effektivi və ən müasiri isə ümumiyyətlə, fiziki kartın üzərində CVV/CVC kodun əks olunmamasıdır. Bu halda müştəriyə imkan verilir ki, həmin bankın mobil bankçılıq tətbiqinə daxil olaraq dinamik - yəni hər qısa müddətdən bir dəyişən CVV/CVC kodu ordan əldə etsin. Mobil bankçılıq tətbiqinə giriş üçün təhlükəsizlik standartlarının tətbiq olunduğunu nəzərə alsaq, bu ən təhlükəsiz metodlardan sayıla bilər. Həmçinin kodun kartın üzərində əks olunmaması kartı fiziki olaraq itirdiyiniz halda belə sizi dələduzluq məqsədli onlayn ödəniş riskindən qoruya bilər", - deyə Elvin Cuvarov bildirdi.
Sevinc İBRAHİMZADƏ