Kilo ilə satılmır, qiyməti də bahadır... - SƏBƏB

 12:12 08.10.2024     661

Zeytun yağı və zeytun turşusu 15-25 manat civarında satılır. Ancaq adətən, zeytunun bazarlarda, marketlərdə kilo ilə satılması ilə qarşılaşmırıq. Yəni kimsə bu məhsulu bazardan alıb özü ev şəraitində hazırlaya bilmir. Bəs nə üçün zeytunun kilo ilə satışı olmadığı halda qiyməti belə baha təklif olunur?

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, zeytun yağının da, turşusunun da qiymətinin baha olması satış strategiyasıdır:

"Tutaq ki, zeytunun bir kilosunu 15 manata satanda onu heç kim almaq istəmir, ancaq onu 100 qramlıq paketlərə yığıb 2 manatdan satdıqda kilosu gəlib 20 manata çıxır. Beləliklə, həm də hamı üçün əlçatan olur. Bu özü də satış strategiyasıdır. Zeytun yağına gəldikdə isə, litri təxminən 20 manat, hətta daha yüksək olanı da var. Bunun baha satılmasında mən heç bir problem görmürəm". 

İqtisadçı qeyd etdi ki, Azərbaycandakı zeytun yerli tələbatın heç 10 faizini ödəmir.

"Biz gözümüzü açıb eşitmişik ki, Azərbaycanda zeytun bitir, ancaq ölkədəki zeytun yerli tələbatın 10 faizini ödəmir. İndi intensiv olaraq böyük bağlar salırlar. Həmin bağlar məhsul verəndən sonra Azərbaycanda heç olmasa, yerli tələbatın 30-50 faizini ödəyəcək. Abşeron yarımadasında zeytun bağları daha məhsuldar olur, ancaq o bağları da əkib ərsəyə gətirmək lazımdır. Biz sovet hökumətindən qalan bağları da müstəqillik dönəmində qırdıq. Hazırda xaricdən - Türkiyədən, İspaniyadan zeytun gətiririk", - deyə Akif Nəsirli bildirdi.

Sevinc İBRAHİMZADƏ