"Azərbaycan nəinki Ermənistana neft-qaz sata bilər, hətta..." - AÇIQLAMA

 15:16 09.10.2024     400

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindən nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazır olduğunu açıqlayıb. O, həmçinin qeyd edib ki, Ermənistan təhlükəsizliyə zəmanət verir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, Ermənistan bunu istəyirsə, ilk növbədə sülh müqaviləsini olduğu kimi imzalamalıdır.

"Prinsip etibarilə Azərbaycan onsuz da Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra siyasi-iqtisadi münasibətlərin bərpası fonunda Naxçıvan və Azərbaycan arasında boru kəməri çəkilməsini təmin etmək istəyir. Məsələ təkcə Naxçıvan və Azərbaycan arasında boru kəməri çəkilməsi də deyil. Azərbaycan həm də Ermənistana bu yolla qaz sata bilər. Ermənistanda ilk dəfə deyil ki, Paşinyan bu fikri gündəmə gətirir. Lakin bununla iş bitmir. Azərbaycan dəfələrlə bəyan edib ki, nəinki Ermənistana neft-qaz sata, hətta öz ərazisindən qonşu ölkənin dünya bazarına çıxışına təminat verə bilər. Amma buna qədər Ermənistanın görməli olduğu xeyli iş var. Ermənistan sülh müqaviləsi ilə bağlı Bakının tələblərini qəbul etmir. Xüsusilə də sülh sənədində razılaşdırılmayan üç bənd var. Bunlardan biri və ən önəmlisi Ermənistan konstitusyasında Azərbaycan və qonşu ölkələrə ərazi iddiasını ehtiva edən bəndlərin dəyişdirilməsidir. Bu məsələ həll edilmədən sülh ola bilməz. Olsa da gələcək münaqişələr üçün şərait olacaq. Ermənistan bundan başqa öz ərazisindəki infrastrukturu bərpa etməlidir. Misal üçün Azərbaycan dəmir yolu infrastukturunu bərpa edib, amma Ermənistan hələ buna riayət etməyib". 

Turan Rzayev: “İsrail Livanla deyil, terror təşkilatını kimi tanıdığı “Hizbullah”la mübarizə aparır”

Politoloqun sözlərinə görə, Azərbaycanın Avropaya qaz nəql etməsi üçün Ermənistana çox da ehtiyacı yoxdur.

"O ki, qaldı qeyd edilən qaz kəmərinin çəkilməsinin vacibliyinə, deyə bilərəm ki, bu bizim üçün yeni TANAP layihəsi olacaq. Avropa Rusiya qazına olan asılılığı azaltmaq istəyir. Bunun üçün isə etibarlı tərəfdaşlarla əməkdaşlığa ehtiyacları var. Azərbaycan da onlardan biridir. Amma bizim Rusiya ilə müqayisədə Avropaya nəql etdiyimiz qazın həcmi çox azdır. Qərb isə bu həcmi artırmağımızı istəyir. Lakin bu zaman da mövcud qaz kəmərlərinin ötürücülük qabiliyyətinin yetərli olmaması problemi bizi qarşılayır. Mövcud qaz kəmərlərinin ötürücülüyünü artırmaqla paralel həm də yeni layihələrin icrası Avropaya qaz nəqlində ciddi irəliləyişə səbəb ola bilər. Ermənistan isə həm ötürücü ölkə kimi, həm də Gürcüstan kimi ucuz qaz almaqla dvident əldə edə bilər. Lakin İrəvan bunun üçün öncə Bakının tələblərini yerinə yetirməlidir. Əks təqdirdə Bakı İran vasitəsi ilə bu layihəni yenə icra edəcək, amma Ermənistan bundan öncə olduğu kimi bu layihədən də kənarda qalacaq", - deyə Turan Rzayev qeyd etdi.

Türkan İSGƏNDƏRLİ