Balıq idxalına gömrük rüsumu tətbiq EDİLƏCƏK

 10:45 16.10.2024     327

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən, bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü ildə qəbul etdiyi 453 nömrəli Qərarına əsasən, 30 iyul 2026-cı ilədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.