Unun kiloqramla satışı niyə bahadır? - AÇIQLAMA

 14:57 22.10.2024     348

Ölkəmizdə unun topdansatış və pərakəndə qiymətində 3 qat fərq var. Məsələn 50 kq-lıq un kisəsi 25-26 manatdırsa, 1 kq unun pərakəndə satış qiyməti 1.50 təşkil edir.

Bu artımı süni adlandırmaq olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, pərakəndə ticarət subyektləri bu kimi məhsulların kiloqramla satışını arzu etmirlər.

"Onlar daha çox topdan satışlara meyl göstərirlər və kisə ilə satışı üstün görürlər. Burada müxtəlif səbəblər vardır. Yəni faktiki olaraq bəzən ticarət şəbəkələri özləri qablaşdıraraq bu məhsulları təqdim edirlər. Bu zaman həmin məhsullar üzrə qiymətlər çox yuxarı olmur. Kiloqramla satış nisbətən daha bahalı qiymətə təklif oluna bilir. Kiloqramla satışın konkret olaraq məhsul növləri üzrə brend markalar tərəfindən paketlənmiş formada təqdim edilməsi zamanı əlavə xərc yaranır: paket xərcləri, eyni zamanda onun işçilik xərcləri və s. Təbii ki, digəri ilə, primitiv qaydada ticarət şəbəkələri tərəfindən paketlənmə ilə müqayisədə burada xərclər daha artıq olur və həmin xərclər maya dəyərinin üzərinə gəlir".

İqtisadçının sözlərinə görə, belə hallarda süni qiymət artımından söz gedə bilməz.

"Bir də hansı növ məhsuldan söhbət gedir, buna diqqət edilməsi lazımdır. Çünki əksər hallarda xüsusi olaraq şirkətlər tərəfindən paketlənmiş təqdim olunan məhsulların kateqoriyaları fərqli olur. Məsələn, qənnadı məmulatların istehsalında daha yararlı olan birinci sortunun təqdim edilməsi və ya uyğunlaşdırılmış qatqılarla təqdim olunan məhsullar var ki, bunlarda da qiymətlər daha yüksək olur. Bütövlükdə götürəndə, yəni burada hansısa formada süni qiymət artımı söz gedə bilməz. Bu təklifdir və eyni zamanda istehlakçıların da müxtəlif seçimləri olur. Bu seçimlərə uyğun olaraq qərarlar qəbul edilir", - deyə Rəşad Həsənov bildirdi.

Türkan İSGƏNDƏRLİ