"Bakıda zavodlara nəzarət gücləndirilməlidir" - AÇIQLAMA
Ölkəmizdə zavod və fabriklərin sayı get-gedə artır. Ancaq məlumdur ki, onların havaya buraxdığı zəhərli maddələr insan sağlığına zərərlidir. Son vaxtlar bu zavodlar paytaxtın Binəqədi rayonu ərazisində daha çox tikilir.
Bəs niyə bu rayon?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirdi ki, Binəqədidə zavodların tikilməsi üçün infrastruktur imkanları var:
"Binəqədi rayonu tarixən Bakının aparıcı sənaye rayonlarından biri olub. Əsasən də neft hasilatı üzrə aparıcı rayon olduğundan keçmişdə sənaye müəssisələrinin çoxu orada yerləşib. Çünki orada həm buna müəyyən infrastruktur imkanları var idi, digər tərəfdən böyük, iri müəssisələr orada yerləşirdi, həm çox böyük sahələr var idi. Bu da belə bir şəraitin yaradılmasına imkan verirdi və bu miras olaraq sovet dövründən sonra da həmin bölgələrdə belə davam etməyə başladı".
İqtisadçının sözlərinə görə, emissiya və ətraf mühitin mühafizəsi prioritet olmalıdır.
"Həmin zavodların bəziləri özəlləşdirildi. Onlar yenə də həmin ərazidə fəaliyyət göstərməyə başladı. Bundan başqa həm də Sumqayıt da bir sənaye şəhəridir və ona yaxın olmağı öz təsirini göstərirdi. Bu baxımdan əlbəttə ki, Binəqədi rayonu Bakının aparıcı sənaye ünvanı kimi davam etdirir. Təbii ki, həmin ərazilərdə ki, ekoloji təmizlik korlanır, buna görə də emissiya və ətraf mühitin mühafizəsi prioritet olmalıdır. Hesab edirik ki, bununla bağlı da dövlət proqramları və nəzarəti gücləndirilməlidir. Bununla bağlı müvafiq işlər həyata keçirməlidir", - deyə E.Kərimli bildirdi.
Türkan İSGƏNDƏRLİ