"Azərbayanda qızılın qiymətində hər gün artım olur" - Sahibkar
Qızılın qiyməti dünyada rekord səviyyəyə - 2,752.38 dollaradək yüksəlib.
Bəs bu qiymət artımı Azərbaycanda qızıl bazarına necə təsir edib?
Mövzu ilə bağlı qızıl mağazalarından birinin sahibkarı Nadir Ağaverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, qızıl hazırda tarixinin rekord həddindədir və bu rekord gündəlik yenilənir:
"Demək olar ki, hər gün qiymətdə qalxma var. Məsələn, ötən gün qızılın bir qramında 1 manat 40 qəpik artım olub. Hər gün bir qiymət olur deyə biz də çox vaxt qiyməti müəyyənləşdirməkdə çətinlik çəkirik".
Onun sözlərinə görə, Azərbaycana qızıl 70 faiz Türkiyədən, 10 faiz Dubaydan gəlir, 20 faiz isə yerli məhsuldur:
"Ən keyfiyyətli qızıl İtaliyada istehsal olunur. Türkiyədəki müəyyən firmalar da çox keyfiyyətli qızıl istehsal edirlər, amma onlarda da Azərbaycan bazarı kimi sex malları var. Alıcılar isə istənilən modeldə qızılı uyğun qiymətə bazarda tapa bilərlər. Bazarda hazırda ən çox türk qızılı üstünlük təşkil edir. Çünki oradan alıb gətirmək sahibkarlara daha rahatdır. Bundan başqa, alıcıların model zövqləri də türkiyəlilərə daha yaxındır. Onların seriallarından görüb bəyəndikləri modelləri almaq istəyirlər".
Sevinc İBRAHİMZADƏ