Zavod və fabriklər bu ərazilərə köçürülməlidir - Vahid Əhmədovdan AÇIQLAMA
"Regionlarda iş yerlərinin artırılması, eləcə də ekoloji təmizlik baxımından zavodlar, fabriklər rayonlara köçürülməlidir".
Bu sözləri Redaktor.az-a keçmiş millət vəkili Vahid Əhmədov Bakıdakı zavod, fabriklərin fəaliyyətindən danışarkən dedi. Onun sözlərinə görə, regionlarda iş yerlərinin açılması bizim üçün ən önəmli prioritet sahələrdən biri olmalıdır.
"Müstəqillik dövründə daha çox zavodlar tikilən ərazi Sumqayıtdır. Hətta orada böyük bir texnopark yaradılıb, 10 mindən çox adam işləyir. Yəni o ərazi sənaye zonası ərazisi kimi qeyd olunur. Həmçinin, Binəqədi ərazisində də əvvəllər sovet vaxtında böyük zavod olub. İndi orada kiçik sexlər fəaliyyət göstərir. Sənayeləşmə prosesi Azərbaycanda mən hesab edirəm ki, ləng gedir. Sənayeləşməni sürətləndirmək lazımdır. Xüsusilə regionlarda sənaye müəssisələrinin açılmasına çox böyük ehtiyac var. Mütəmadi olaraq bu məsələləri biz hələ o vaxt Milli Məclisdə olanda da qaldırmışıq. Regionlarda iş yerlərinin açılması bizim üçün ən önəmli prioritet sahələrdən biri olmalıdır".
İqtisadçı qeyd etdi ki, sənayeləşmə ilə əlaqədar xüsusi bir proqram olmalıdır. Çünki bu mədəniyyət gətirən bir sahədir.
"Yəni zavod, fabrik, kənd təsərrüfatı, emal müəssisələri və s. bunları daha çox regionlara aparmaq lazımdır. İndi azad olunmuş ərazilərdə çox ciddi tədbirlər həyata keçirilir. Həm Cəbrayılda, həm Laçında, Ağdamda və başqa bölgələrdə müəyyən sənaye müəssisələri yaradılıb, amma bunu genişləndirmək lazımdır. Yalnız işğaldan azad olunmuş ərazilərdə deyil. Digər bölgələrdə də sənaye müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı emalı müəssisələrinin yaradılmasına çox böyük ehtiyac var. Sənayeləşmə ilə əlaqədar xüsusi bir proqram olmalıdır. Çünki sənayeni inkişaf edən yerlərdə həmişə mədəniyyət çox yüksək qalır. Sənayeləşmə mədəniyyəti gətirən bir sahədir. Bu sahəyə diqqəti artırmaq lazımdır", - deyə Vahid Əhmədov vurğuladı.
Türkan İSGƏNDƏRLİ