Dələduzların qurbanına çevrilə bilərsiniz - İqtisadçıdan XƏBƏRDARLIQ

 15:17 24.10.2024     430

Kriptovalyuta virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla yanaşı, həm də elektron ödəniş şəbəkəsidir. Azərbaycanda son illərdə kriptovalyutaların ticarətinə maraq artıb. Hətta artıq yerli banklar vasitəsi ilə də kripto almaq mümkündür. 

Bəs Azərbaycanda bu valyuta növü ilə bağlı hansısa tənzimləyici qanun var?

Bu barədə iqtisadçı ekspert Fuad İbrahimov Redaktor.az-a açıqlamasında bildirdi ki, kriptovalyuta bazarı son üç-dörd ildə müəyyən qədər institusional bir yol keçib. Onun sözlərinə görə, artıq kriptovalyutaların elektron ticarət platformalarında alqı-satqısı mümkündür:

"Bu isə o deməkdir ki, valyuta birjaları, əmtəə birjaları, fond birjaları, qiymətli kağızlar birjaları ilə yanaşı, eyni zamanda artıq kriptovalyutaların da birjası var. Artıq Azərbaycan ərazisində də tətbiq edilən elektron ticarət platformalarında kriptovalyutaların ticarəti mümkündür. Ümumilikdə isə birjaların fəaliyyətini tənzimləyən qanunvericilik bazası var. Ancaq bazarda hər zaman müəyyən qədər risk mövcuddur. Bacarıqsızlıq və yaxud vəziyyəti düzgün qiymətləndirməmək işirakçının, yəni vətəndaşların kifayət qədər vəsait itirməsi ilə nəticələnə bilər".

İqtisadçı dedi ki, demokratik yanaşmamız nəticəsində vətəndaşlar internet vasitəsilə ölkəmizin qanunvericiliyi ilə tənzimlənə bilməyən digər platformalara da giriş edə bilirlər.

"Vətəndaş öz vəsaitini bu platformalara qoya bilər və dolayı yollarla dələduzların qurbanına da çevrilə bilər. Bunu hər bir vətəndaş nəzərə almalıdır. Azərbaycanda "investAZ" şirkəti fəaliyyət göstərir və maksimal şəkildə bir çox platformaları təqdim edir. Fond, qiymətli kağızlar, əmtəə, valyuta birjalarına olduğu kimi, həm də kriptovalyuta bazarlarına da əlçatımlılığı təmin edə bilir. Birmənalıdır ki, burada vətəndaş öz bacarığından əlavə hansısa kriminal dələduz elementlərinin fırıldağına məruz qalmayacaq. Amma Azərbaycana hər hansı bir aidiyyəti olmayan, digər ölkələrdə qeydiyyatdan keçmiş platformalarda ticarət edən vətəndaşlar belə hallarda xeyli məbləğdə vəsait itirə bilərlər. Ona görə də bu məsələlərdə diqqətli olmaq çox vacibdir", - deyə Fuad İbrahimov bildirdi.

Sevinc İBRAHİMZADƏ