Talış kəndində 2,4 milyon manatlıq LAYİHƏ
Ağdərə rayonunun Talış kəndində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binasının tikintisi işlərinə başlanılır.
Redaktor.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi hazırlıq işlərinə start götürüb.
Qurum sözgüdən işlərin icrasını "FİM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 2.439.616,19 manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, Talış kəndi Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Talış kənd Soveti Tərtər rayonunun tərkibinə verilib.
Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 2023-cü ilin mart ayında Böyük Qayıdış proqramı çərçivəsində əhalinin kəndə köçürülməsi başlanılıb (valyuta.az).