Azərbaycanda damazlıq heyvanların sayı AÇIQLANDI

 11:23 29.10.2024     390

Azərbaycanda təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan hesabına ölkənin həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.

Redaktor.az xəbər verir ki, report.az-a istinadla müsahibəsində xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.

Heyvandarlığın kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu xatırladan ekspert hazırda Azərbaycanda bu sahədə bir sıra problemlərin mövcud olduğunu deyib: “Ölkənin əlverişli iqlim şəraiti heyvandarlığın bütün növlərinin inkişafına imkan versə də, xüsusilə qoyunçuluq sahəsində son illərdə geriləmə müşahidə olunur. Əsrlər boyu Azərbaycanın əsas məşğuliyyəti olan qoyunçuluq sahəsi dad, keyfiyyət və görünüş baxımından dünyada tanınan cinslərə malik olsa da, statistika göstərir ki, bu ilin əvvəlinə ölkədə 6,64 milyon baş qoyun mövcud idi. Təəssüf ki, bu rəqəm son 20 ilin ən aşağı göstəricisidir və təkicə ötən il qoyun sayı 531 min baş azalıb. Bu azalma 1992-ci ildəki 388 min başlıq azalmadan daha ciddi problem yaratmaqdadır. Qoyun sayının azalması 2015-ci ildən bəri davam edir.

İribuynuzlu mal-qaranın vəziyyəti də oxşardır. Ötən ilin sonuna ölkədə 2,51 milyon baş iribuynuzlu mal-qara mövcud idi ki, bu da il ərzində 111 min başlıq azalmadır və müstəqillik dövründəki ən böyük göstəricidir. Tələb və təklif qanununa əsasən, bu azalma birbaşa olaraq ət və ət məhsullarının qiymətinə təsir göstərir və bu gün ətin qiymətinin yüksəlməsində müşahidə olunur”.

X. Məmmədov bildirib ki, problem yalnız heyvan sayında deyil, məhsuldarlıqda da müşahidə olunur: “İribuynuzlu mal-qaranın təxminən 1,1-1,2 milyon başı südçü cinslərdir və gündəlik olaraq 7-12 litr süd verir: "Sağım dövrünün ildə 305 gün olduğunu nəzərə alsaq, hər heyvandan ildə maksimum 3,7 min litr süd əldə edilir ki, bu da Avropa ölkələrində və inkişaf etmiş ölkələrdəki 6-7 min litrlik göstəricidən xeyli azdır. Mövcud durumda atılacaq ilk addım sürətlə heyvanların damazlıq cins tərkibini dəyişdirməkdir".

Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 50 min baş cins mal-qara mövcuddur. X. Məmmədov hesab edir ki, təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan olarsa, ölkə həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.