"2025-ci ildə qiymət artımı baş verə bilər" - AÇIQLAMA

 16:27 30.10.2024     589

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi vaxtı bildirib ki, bir sıra ölkələrdə ucuz mala şübhə formalaşdığından bahalılara üz tutulur.

Bu zaman ortaya çıxan suallardan biri də budur ki, kəmiyyət keyfiyyətə nə qədər təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, keyfiyyətli məhsulun xərci çox olduqdan onun satış qiymətində bahalılıq olması normaldır.

"Ümumiyyətlə götürdükdə həm nəzəri, həm praktiki baxımdan məhsulun keyfiyyəti ilə onun qiyməti arasında müsbət korrelyasiya var. Keyfiyyət artdıqca təbii ki, bu istiqamətdə xərcləri artır və maya dəyəri yüksəlir və həmin məhsulların daha bahalı qiymətə bazara təklif edilməsi zərurəti ortaya çıxır. Aydındır ki, qiymətlər yalnız bu şərtlər daxilində formalaşmır, qiymətlərə, eyni zamanda bazarda digər faktorlar da təsir görsədir. Alıcılıq gücü, bazarın liberallıq səviyyəsi, rəqabətin, bazarın inhisarlaşma səviyyəsi, o cümlədən rəqabətin dərinliyi burada mənfəət normasının optimal səviyyədə təyin olunmasına təsir göstərən faktorlardır. Amma bununla belə istənilən halda ana xətt ondan ibarətdir ki, məhsul baha təklif edildiyi halda, demək ki, daha keyfiyyətlidir, ucuz təklif edildiyi halda daha keyfiyyətsizdir və bu prinsip liberal bazarda özünü doğruldur. Qeyri-liberal bazarlarda bu prinsip müəyyən qədər aşınır, deqradasiya olunur, amma buna baxmayaraq qismən də olsa bu şərt özünü doğruldur".

İqtisadçının sözlərinə görə, insanların aldığı məhsulların qiymətini yaşayış rifahının səviyyəsi təyin edir:

"Ucuz malların alınıb-alınmaması bazarın xüsusiyyətindən və icmanın inkişaf səviyyəsindən asılıdır. Hansı ölkələrdə rifah səviyyəsi yüksəkdir, hansı ölkələrdə əməkhaqqı səviyyəsi yüksəkdir, gəlirlər qaneedicidirsə, insanlar daha keyfiyyətli və daha bahalı məhsullara üstünlük verirlər. Amma hansı ölkələrdə ki, rifah səviyyəsi aşağıdır, bu zaman daha keyfiyyətsiz məhsulları alınır. Bu məhsulların bazar miqyası daha geniş olur. Bunu keçmiş SSRİ ölkələrinin təcrübəsi, o cümlədən Qafqazda, Orta Asiyada da görə bilərsiniz, xüsusilə də ilk illərdən etibarən daha ucuz və keyfiyyətsiz Çin məhsullarının bazarlarda dominantlığı məhz bu asılılığın, bu prinsipin bir sübutu idi".

Rəşad Həsənov qeyd etdi ki, üzümüzə gələn il qiymətlərdə artım müşahidə oluna bilər.

"Son dövrlərdə, xüsusilə də hökumətin təbii inhisarçı olduğu bu sahələrdə qiymət artımları ilə bağlı qəbul etdiyi qərarlara, o cümlədən yanacağın qiymətinin artırılması inflyasiyanın intensivliyini dərinləşdirib. Qiymətlər əvvəlki altı ayı ilə müqayisədə daha sürətlə bahalaşmağa başlayıb və ilin sonuna gözlənilən inflyasiya təxminən üç faiz ətrafındadır, hansı ki, ilin əvvəlində bu 0.5-0.6 faiz aralığında gedirdi. Növbəti ildən sosial paketlərin açıqlanması gözlənilir, bu öz növbəsində qiymət artımlarını müəyyən qədər dəstəkləyə bilər, inflyasiyanı sürətləndirə bilər. Burada təbii ki, hökumətin özünün qəbul etdiyi qərarlar da əsas olacaqdır. Amma eyni zamanda burada əsas təsiredici digər faktor və qlobal bazarlarda baş verənlərdir. İndiki halda kifayət qədər mürəkkəb siyasi konyuktur fonunda biz 2025-ci ilə daxil oluruq və indiki halda görünən ondan ibarətdir ki, hələlik qiymətlər nisbətən əvvəlki iki illə müqayisədə daha sabit və daha az bahalaşır və hətta bəzi istiqamətlərdə qiymət ucuzlaşmaları da vardır. Amma dediyimiz kimi, bu, 2025-ci ildə də belə olacağını deməyə əsas vermir. Çünki beynəlxalq təşkilatların proqnozları bir-birindən fərqlənir və Azərbaycanda inflyasiyanı şərtləndirən digər faktor kimi, yəni idxaldan asılı ölkə kimi inflyasiya, idxal olunan məhsulların qiymətidir. Buna görə də növbəti ildə bu istiqamətdə baş verən dəyişikliklər Azərbaycanda qiymətlərdə öz əksini tapacaqdır", - deyə ekspert vurğuladı.

Türkan İSGƏNDƏRLİ