"Gələn il iqtisadi aktivlik olacaq" - İqtisadçıdan PROQNOZ

 17:23 01.11.2024     451

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1 %, 2025-ci ilin sonuna isə 5,8 % olacaq.

Bəs bu rəqəmlər nədən xəbər verir? Bizi ucuzlaşma, yoxsa bahalaşma gözləyir?

Bu barədə iqtisadçı Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında bildirdi ki, ən müsbət hallardan biri cari əməliyyatlar balansında profisitin artan dinamika ilə irəliləməsidir:

"Belə ki, bu ilin ilk üç rübü ərzində 5,2 milyard ABŞ dolları olan müsbət saldo ilin sonuna daha da artaraq 5,3 milyard ABŞ dolları həcmində qeyd olunur. Bunun 2025-ci ildə daha da artaraq 5,5 milyard ABŞ dollarına çatacağı gözlənilir. Mərkəzi Bankın uçot dərəcəsinin hazırda dəyişməməsi, yəni sabit saxlaması onu göstərir ki, dinamika olaraq hədəf istiqamətində bir stabillik var və inflyasiya proqnozu 4±2 %, yəni 6 faizdən yuxarı olmamaq hədəflənir. Bu proqnoz istiqamətində də hazırda nəticələr əldə olunub deyə stabil saxlanılır".

E.Əmirov qeyd etdi ki, proqnozlar öncədən də belə idi:

"2025-ci ildə olan 5,8 faizlik göstərici də bilavasitə 4±2 % bəndi göstəricisinə uyğundur, yəni 6 faizi keçməyən bir həddir. İqtisadiyyatda qiymət fərqlərinə, ümumiyyətlə bahalaşma və ucuzlaşmaya gəldikdə isə, təbii olaraq, illik inflyasiyanın 5-6 faiz həcmində olması bizim son bir neçə ildə öyrəşdiyimiz bahalaşma ilə müqayisədə qənaətbəxş hesab edilə bilər. Bu inflyasiya göstəricisi eyni zamanda iqtisadi aktivliyin olacağına işarə edir. Çünki proqnoz olaraq profisitin artması, eyni zamanda da inflyasiya göstəricilərinin 5,8 faiz olaraq qiymətləndirilməsi 2025-ci il haqqında müsbət düşünməyə imkan verir".

Sevinc İBRAHİMZADƏ