"İdxal qiymətləri ucuzlaşdıran amildir, məhsul bolluğu yaradır" - İqtisadçı

 15:48 05.11.2024     508

Cəlilabadda bu il əkin sahələrinin 50-60 hektar artırılacağı gözlənilir. Rayon ərazisində bu il 606 hektar sahədə çiyələk bitkisi əkilib və sahələrdən bu günə qədər 16 min tondan çox məhsul yığılıb. Yığılan məhsul ölkə bazarları ilə yanaşı, xarici bazarlara da göndərilib. 

Bəs çiyələyin artımı iqtisadiyyatımıza necə təsir edir? Bu məhsulun istehsalının artması idxal prosesini dayandıra bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, təkcə çiyələyin deyil, eləcə də digər məhsulların artımı, ixracatı ölkə üçün faydalıdır, lakin iqtisadiyyat üçün ciddi vədlər vermir:

"Çünki bunların rolu və çəkisi azdır. Buna görə də iqtisadiyyatı dirçəldəcək ciddi dəyişiklik olmayacaq. Ancaq istehsalın artması məhsul bolluğu yaradır ki, bu da qiymət ucuzlaşdıran məsələdir. Həmçinin ixrac edilirsə, ölkəyə əlavə valyuta gəlir, ixrac edən sahibkarlar pul qazanmış olurlar. Bu qazanc onlara imkan verir ki, gələcəkdə də dövriyyəni artırsınlar".

İqtisadçının sözlərinə görə, idxal qiymətləri ucuzlaşdıran amildir, məhsul bolluğu yaradır:

"İdxal həmçinin seçimi də artırır. Alıcılar üçün idxal ziyanlı deyil. Amma idxal o vaxt azala bilər ki, idxalçı qiymət ucuz olanda və məhsul bol olanda onu gətirir. Bu zaman o, məhsuldan qazanc əldə edə bilməyəcək.  İdxalın qabağının alınması alıcıların ziyanına olan məsələdir. Alıcı üçün çeşid bolluğu və qiymət əlverişliliyi önəmlidir. Məhsul bolluğu olarsa və yerli istehsal qiymətləri ucuzlaşarsa, idxal azala bilər".

Sevinc İBRAHİMZADƏ