Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB

 18:02 02.12.2024     414

Azərbaycanda kərə yağı son 2-3 ayda təxminən 30 faiz bahalaşıb. Əvvəllər 19 manata satılan yağ indi alıcılara 24 manata təklif edilir. Azərbaycan kərə yağını özü də istehsal edir, amma tələbat idxalın köməyi ilə ödənilir. Ölkəmizə kərə yağı əsasən Ukrayna və Belarusdan gəlir. Halbuki dövlət yağ idxalı ilə məşğul olan sahibkarlara güzəştli rüsum da tətbiq edib.

Bəs Azərbaycanda kərə yağı niyə bahadır? Qiymətlər getdikcə daha da artacaq?

Bu barədə iqtisadçı Asif İbrahimov Redaktor.az-a açıqlamasında bildirib ki, ərzaq təhlükəsizliyi məsələsində önəmli faktorlardan biri orta statistik vətəndaşların ucuz və keyfiyyətli ərzaq məhsullarına əlçatarlığıdır:

"Yağ, süd və ağartı məhsullarının qiyməti son bir neçə ayda kəskin şəkildə bahalaşır. Bu bahalaşmanın daxili və xarici faktorları hər zaman olur. Dünyada bu tip məhsullarda təqribən  20-30 faiz arasında bahalaşma müşahidə olunur. Bunun da əsas səbəbi odur ki, hər hansı bir məhsulun, xidmətin yekun qiymətinin ərsəyə gəlməsi onu yaradan xərclərdən ibarətdir. Həmin xərclər artdığı üçün məhsulun yekun  qiymətində də bahalaşmalar müşahidə olunur. Azərbaycan özü də ötən ildən bəri 20 faizdən artıq yağ istehsal edib. Amma istehsal etsək də, daxili tələbatı idxalımız olmadan ödəyə bilmirik və elə o qədər də ağartı məhsullarını ölkəyə idxal edirik".

Qızıl almaq istəyənlər tələssin! Qiymətlər fantastik artacaq | KONKRET

İqtisadçının sözlərinə görə, istehsalçıların xərcləri də ötən ilki kimi deyil, nisbətən bahalaşma müşahidə edilir:

"Dövlət hansısa bir subsidiya, müəyyən güzəştlər tətbiq etsə belə, bu məhsulların ərsəyə gətirilməsində çəkilən xərclər keçən ilkindən fərqlənir. Yem, məhsulu əldə etmək üçün müəyyən xammal, qablaşdırma məhsulları lazımdır ki, onlar da bahalaşıb. Əvvəllər istifadə edilən kommunal məsələlərdə -yanacağın qiymətində, daşınmasında bahalaşma faktorları var və s. Bu tip xərclər də yekun məhsulun bahalaşmasına gətirib çıxara bilir. Ən önəmli faktorlardan biri isə odur ki, Azərbaycan daha çox yağ, ağartı məhsullarını böyük ölçülərdə Ukrayna, Belarus, Zelandiya və bir qismini də Rusiyadan idxal edirdi. Rusiya və Ukrayna arasında müharibə baş verdiyinə görə, Ukraynada müəyyən məsələlərdə iqtisadi baxımdan, həm də logistika məsələlərinin çətinləşməsi kimi faktorlar səbəbilə məhsulun ölkəyə gətirilməsinə nisbətən problemlər yaranmağa başladı və xarici sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatına da bir çox zərbələr dəydi".

A.ibrahimov qeyd edib ki, Azərbaycan əvvəllər daha çox idxal həyata keçirirdi:

"Hazırda orada bu tip məhsulların qiyməti bizdəkindən daha baha olduğu üçün ya istehsal edilən məhsulu sahibkarlar Rusiyaya ixrac edir, ya da satış üçün gətirdiyi məhsulları reeksport edərək Rusiyada satışını həyata keçirir. Dövlət Statistika Komitəsinin rəqəmlərindən bunu əldə etmək olur ki, hətta ixracımızda da ciddi şəkildə artım olmuşdur. Yəni daxili tələbat üçün istehsal etdiyimiz məhsulun bir qismini Rusiyaya satırıq. Eyni zamanda idxal etdiyimiz məhsulun da önəmli bir qismini reeksport edirik. Bu da təbii faktorlardan biridir ki, tələb təklifi formalaşdırır. İqtisadi münasibətlər zəminində əgər belə hallar baş verirsə, bununla bağlı dövlət tərəfindən tədbirlər həyata keçirilməlidir. Mən düşünürəm ki, ərzaq təhlükəsizliyimizin təmin olunması istiqamətində ən gözəl addımlardan birincisi o olardı ki, daxili istehsalı gücləndirək. Düşünürəm ki, daxili istehsalı gücləndirdikdə bu kimi faktorların təsiri nisbətən azalacaq".

Sevinc İBRAHİMZADƏ