Gələn il bu məhsul və xidmətlər bahalaşacaq - "Ən yüksək qiymət artımı..." - AÇIQLAMA

 15:53 04.12.2024     241

2025-ci ildə Azərbaycanda inflyasiyanın 5.8 faiz olacağı proqnozlaşdırılır. 

Bəs bu rəqəm özünü hansı sahələrdə göstərəcək? 

Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, gələn il qiymət artımları bütün mal və xidmətlər üzrə proqnozlaşdırılır.

Ekspertin sözlərinə görə, bazar konyukturundan asılı olaraq, təklifin həcminin dəyişməsi və s. səbəbindən müəyyən istisnalar ola bilər, amma faktiki olaraq, bir sıra istiqamətlərdə qiymət artımlarını formalaşdıracaq stimullar və təzyiq elementləri müşahidə olunmaqdadır:

"Birincisi, 2025-ci ildə sosial paketlər açıqlanacaq və əməkhaqqı fondunun artırılması ilə bağlı da qərarlar var. Bu istiqamətdə büdcə xərcləmələrinin artması bu və ya digər şəkildə inflyasiya üçün əlverişli mühit formalaşdırır. Digər tərəfdən, xüsusilə bəzi kənd təsərrüfatı məhsullarında artıq 2024-cü ilin ikinci yarısından etibarən qiymət artımları başlayıb və bu məhsulların 2025-ci ildə ərzaq məhsullarının idxalında qiymət artımlarının davam etməsi ehtimalları yüksəkdir".

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

R.Həsənov qeyd etdi ki, bəzi xidmətlər üzrə qiymətlərin artması gözlənilir:

"Çünki əgər ərzaq məhsullarının qiymətləri artacaqsa, bu, iaşə xidmətlərinin və digər bu kimi xidmətlərə dolayısı ilə təsir göstərəcək, qiymətlər artacaq. Əslində, bütün istiqamətlərdə bu və ya digər şəkildə az və ya çox dərəcədə qiymət artımları olacaq. Ən yüksək qiymət artımı ehtimalı ərzaq məhsulları və xidmət sektorunda olacaq, qeyri-ərzaq məhsulları və lüks kateqoriyalı məhsullar isə nisbətən daha aşağı faizlə arta bilər. Bu, əhalinin alıcılıq gücü, bazarın konyukturundan, eyni zamanda bu istiqamətdə idxal dərəcəsindən asılı olaraq dəyişə bilər".

İqtisadçı əlavə etdi ki, gələn il inflyasiya səviyyəsinin 2024-cü il ilə müqayisədə daha yüksək olması ehtimalları güclüdür.

Sevinc İBRAHİMZADƏ